Advertisment

Türk birliyi genişlənir?- “Bu dövlətin qoşulması mümkündür”

Son illərdə Türk Dövlətləri Təşkilatının fəaliyyəti güclənir, üzv ölkələr arasında əməkdaşlıq genişlənir. Təşkilat çərçivəsində keçirilən görüşlərin və müxtəlif sahələri əhatə edən tədbirlərin sayının artması türk dövlətləri arasında əlaqələrin inkişafına diqqətin artdığını göstərir. İran və Cənubi Qafqaz ölkələrinin gələcəkdə təşkilatla daha sıx əməkdaşlığı və ya müxtəlif statuslarda iştirakı mümkündürmü?

"Müasir İnkişaf" İctimai Birliyinin sədri, Crossmedia.az saytının baş redaktoru, siyasi şərhçi Mübariz Göyüşlü Herbiand.az-a açıqlamasında bildirib ki,

türk dövlətləri təşkilatı get-gedə həm formalaşır, həm inkişaf edir. “Təşkilatlanma prosesi güclənir və yeni ölkələrin birliyə qoşulması ilə bağlı məsələ gündəmdədir. Bu istiqamətdə müəyyən nəticələr də var. Məsələn, Macarıstan Türk Dövlətləri Təşkilatında müşahidəçi hüququnu saxlayır. Yəqin ki, yaxın perspektivdə onun tamhüquqlu üzv olmasını da görə biləcəyik.

Birliklə bağlı müxtəlif ölkələrin adları hallanır. Mən də konkret olaraq hər hansı bir ölkənin adını çəkmək istəməzdim. Çünki hazırda burada konkret hər hansı ölkə ilə bağlı proses yoxdur, daha çox ümumi fikir və maraq var. Avropa və Asiya ölkələrindən bu əməkdaşlıq platformasına qoşulmaqla bağlı müəyyən maraqlar səsləndirilir. Lakin bu məsələlərin hər biri gələcəkdə yaranacaq siyasi və iqtisadi şəraitdən, eləcə də tərəflərin qarşılıqlı maraqlarından asılı olacaq. Ona görə də Türk Dövlətləri Təşkilatının güclənməsi ilə bağlı fikir, qeydlər doğrudur. Bu istiqamətdə fikir səsləndirənlər haqlıdır”.

Siyasi şərhçi hesab edir ki, yaxın gələcəkdə Ermənistanın birliyə qoşulması real deyil: “Uzaq gələcəkdə bəlkə də ehtimal var. Gürcüstanda da belə bir istək və fikir görməmişəm. Ona görə Qafqaz ölkələri ilə bağlı konkret olaraq bunu söyləmək çətindir. Amma İranla bağlı məsələ fərqlidir. Hesab edirəm ki, İranın belə bir niyyəti var idi. Türk Dövlətləri Təşkilatı ilə maraqlanırdılar. TDT tərəfindən də ona bir diqqət və maraq var idi. Bu baxımdan mən İranın Türk Dövlətləri Təşkilatına qoşulmasını mümkün sayıram. Çünki İran əhalisinin böyük əksəriyyətini türklər təşkil edir. Düşünürəm ki, İranın bu təşkilata qəbul olunmasında belə bir qeyri-adi heç bir məsələ olmamalıdır”.

 

Məhəmməd Əliyev

Herbiand.az