Advertisment

Naxçıvan Dövlət Universitetində ilk dərslər şəhid ailələri və qazilərin iştirakı ilə keçirilib-FOTOLAR

Sentyabrın 15-də Naxçıvan Dövlət Universitetində 2026–2027-ci tədris ilinin başlanması münasibətilə payız semestrinin ilk dərsləri şəhid ailələri və qazilərin iştirakı ilə keçirilib.

“Naxçıvan Şəhid Ailələri” İctimai Birliyinin mətbuat xidməti bildirir ki, artıq 5 ildir ki, Naxçıvan Dövlət Universitetində hər semestrin ilk dərslərinin şəhid ailələri və qazilər tərəfindən keçirilməsi ənənə halını alıb.

Bu təşəbbüs şəhidlərimizin əziz xatirəsinin yaşadılması, onların keçdiyi şərəfli döyüş yolunun gənc nəslə çatdırılması və tələbələrdə vətənpərvərlik ruhunun gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

Yeni tədris ilinin ilk günündə universitet auditoriyalarında şəhid ailələri və qazilərin iştirakı tələbələr üçün həm qürurverici, həm də mənəvi baxımdan əlamətdar hadisə olub.

Vətənimizin bütövlüyü uğrunda canından keçən şəhidlərimizin həyat yolu, qəhrəmanlığı və müqəddəs irsi gənclərimiz üçün daim örnəkdir.

Bu cür görüşlər zamanı tələbələr şəhidlərimizin keçdiyi döyüş yolu, Vətən sevgisi, milli-mənəvi dəyərlər və gənc nəslin qarşısında dayanan vəzifələr barədə dəyərli fikirlər əldə edirlər.

Şəhid ailələrinin və qazilərin gənclərlə bir araya gəlməsi həm tarixi yaddaşın qorunmasına, həm də cəmiyyətimizdə şəhidlərimizə və onların ailələrinə olan ehtiramın daha da möhkəmlənməsinə xidmət edir.

Təşəbbüsün əsas məqsədi Vətənimizin bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsini yaşatmaq, sağlamlığını itirən qazilərimizin fədakarlığını gənc nəslə çatdırmaq və tələbələri vətənpərvərlik ruhunda tərbiyə etməkdir.

“Naxçıvan Şəhid Ailələri” İctimai Birliyi olaraq inanırıq ki, şəhid ailələri və qazilərlə gənclər arasında qurulan bu mənəvi bağ gələcək nəsillərin Vətənə, dövlətə və milli dəyərlərimizə bağlılığının möhkəmlənməsində mühüm rol oynayır.

Qeyd edək ki, Naxçıvan Dövlət Universitetində ilk dərslərin şəhid ailələri və qazilər tərəfindən keçirilməsi ənənəsi 5 ildir davam edir.

Bəxtiyar Əliyev