Advertisment

Bakı uğrunda savaş: strateji və iqtisadi əhəmiyyəti nədən ibarət idi?

1918-ci il sentyabrın 15-də Bakı şəhəri bolşevik-daşnak qüvvələrinin nəzarətindən azad edildi. Bu tarixi qələbə Azərbaycan Xalq Cümhuriyyətinin paytaxtının azad olunması ilə yanaşı, bölgədə siyasi və hərbi vəziyyətin də dəyişməsinə mühüm təsir göstərdi.

Bakının azad edilməsi gənc Azərbaycan dövlətinin müstəqilliyinin möhkəmləndirilməsi baxımından mühüm tarixi hadisə oldu. Bəs Bakı uğrunda yürüşün arxasında hansı əsas məqsəd və strateji hədəflər dayanırdı?

AMİP Mərkəzi Şurasının üzvü, siyasi şərhçi Əli Orucov Hərbianda.az-a açıqlamasında bildirib ki, həmin dövrdə digər şəhərlərlə müqayisədə Bakının hüquqi və siyasi statusu tamamilə fərqli xarakter daşıyırdı. “1918-ci il mayın 28-də Azərbaycan öz müstəqilliyini elan etdikdən dərhal sonra Bakı şəhəri bu gənc dövlətin rəsmi paytaxtı elan olundu. Lakin şəhər düşmən işğalı altında olduğundan, milli hökumət müvəqqəti olaraq Gəncədə fəaliyyət göstərməyə məcbur idi. Buna görə də Bakının azad edilməsi sadəcə hərbi bir əməliyyat deyil, yeni qurulan dövlətin varlığını sübut edən tarixi bir zərurət idi.

Bu tarixi zərurəti reallığa çevirmək üçün Nuru Paşanın komandanlıq etdiyi Qafqaz İslam Ordusu və Azərbaycanın milli silahlı birləşmələri yerli əhalinin böyük dəstəyi ilə Bakıya doğru hərəkət etdi. Gərgin mübarizədən sonra, 1918-ci il sentyabrın 15-də Bakı şəhəri bolşevik-menşevik qüvvələrindən və daşnak cəlladlarından tamamilə təmizləndi”.

Onun fikrincə, Bakının azad olunması qərarında həm strateji mövqe, həm də iqtisadi amillər paralel rol oynayırdı:

“Strateji əhəmiyyət bu idi ki,  Bakı gənc cümhuriyyətin müstəqilliyinin möhkəmlənməsində və təhlükəsizliyinin təmin olunmasında əsas dayaq nöqtəsi idi. İqtisadi önəmi bu idi ki, Bakı dövrün ən böyük neft sənayesi mərkəzinə çevrilmişdi. Bu da gənc respublika üçün həyati əhəmiyyət kəsb edirdi. Neft resursları dövlətin ayaqda qalması üçün ən böyük maliyyə və siyasi təminat idi”.

Ə.Orucov bildirib ki, Bakının azad edilməsi əməliyyatı tamamilə doğru, vaxtında və strateji baxımdan qüsursuz verilmiş bir qərar idi.

“Sentyabrın 15-də əldə olunan bu tarixi qələbə ilə Bakı yenidən öz əsl sahiblərinə qaytarıldı. Bu hadisə həm tarixi ədalətin bərpası, həm Azərbaycan xalqının müstəqillik yolundakı əzmkar iradəsinin nümayişi, həm də Azərbaycan-Türkiyə qardaşlığının sarsılmazlığının tarixdəki ən parlaq ifadəsi oldu”.

Məhəmməd Əliyev

Hərbiand.az