Advertisment

“Azərbaycan Türk və İslam dünyasının dialoq və əməkdaşlıq mərkəzinə çevrilir” -QHT sədri

Prezident İlham Əliyevin Türk Dövlətləri Təşkilatının müsəlman dini idarə rəhbərləri Şurasının üzvləri və müşahidəçiləri, Yəhya Bakuvi Beynəlxalq Konfransının həmtəşkilatçıları və Qafqaz Xalqları Ali Dini Şurasının üzvləri ilə görüşündə mümü mesajlar verildi”. Bunu Herbiand.az saytına açıqlamasında “Yaşıl Dünya” Ekoloji Maarifləndirmə İctimai Birliyinin sədri Elman Cəfərli deyib. Onun sözlərinə görə, Azərbaycan Türk dünyası ilə Qafqaz arasında mühüm coğrafi və tarixi əlaqələndirici mərkəzlərdən biri kimi çıxış edir:

“Ölkəmizin yerləşdiyi strateji coğrafiya türk dövlətləri və region ölkələri arasında siyasi, iqtisadi və mədəni əlaqələrin inkişafına geniş imkanlar yaradır. Sekulyar dövlət olan Azərbaycan eyni zamanda müxtəlif dini konfessiyaların sərbəst fəaliyyət göstərməsi üçün şəraitin təmin edildiyi ölkə kimi İslam dünyasının müxtəlif dövlətləri ilə əməkdaşlığın və həmrəyliyin gücləndirilməsinə xüsusi əhəmiyyət verir. İslam həmrəyliyinin təşviqi ölkənin beynəlxalq və regional əməkdaşlıq siyasətinin mühüm istiqamətlərindən biri kimi çıxış edir. Bu yanaşma Türk dünyası, Qafqaz və İslam coğrafiyası arasında qarşılıqlı anlaşma və əməkdaşlığın möhkəmləndirilməsinə xidmət edən mühüm amillərdən biri hesab olunur. Azərbaycan İslam dünyasında qarşıdurmaların və fikir ayrılıqlarının sülh yolu ilə aradan qaldırılmasını, müsəlman ölkələri arasında həmrəyliyin və qarşılıqlı əməkdaşlığın gücləndirilməsini dəstəkləyir. Ölkə müsəlman dövlətlərinin vahid ailə prinsipi əsasında bir-birinə dəstək verməsinin regional sabitliyə töhfə verə biləcəyini vurğulayır. Bu baxımdan Azərbaycanda keçirilən dini və beynəlxalq tədbirlər İslam dünyası arasında dialoqun inkişafı üçün mühüm platforma rolunu oynayır”.

E.Cəfərli deyib ki, Azərbaycan tək başına torpaqlarını işğaldan azad edib, Qarabağ münaqişəsini tarixin arxivinə verib, bu gün işğaldan azad olunmuş Qarabağda və Şərqi Zəngəzurda nəhəng tikinti-quruculuq işləri aparır.

“Azərbaycan 30 il torpaqlarını işğal altında saxlamış Emrənistanla sülh bağlamağa hazırdır. Eyni zamanda son 35 ildə şəhər və kəndlərimizin yer üzündən silinməsini, ərazilərimizə qarşı ekoloji terroru, tarixi-mədəni irsimizin dağıdılmasını, insanlarımıza qarşı soyqırımını və müharibə cinayətlərini unutmur. Hərbi qüdrətini artırır və daim baş verəcək hər hansı müharibəyə hazırdır. Bu gün Ağdamda Türk Dövlətləri Təşkilatının Müsəlman Dini İdarə Rəhbərləri Şurasının 7-ci görüşü çərçivəsində Şeyx Seyyid Yəhya Bakuvi Şirvaniyə həsr olunmuş beynəlxalq elmi-praktiki konfrans keçirilib. Konfransda iştirak edənlər yəqin ki, Qarabağı gəzəcək, işğalın izlərini və Azərbaycanın öz gücü ilə həyata keçirdiyi nəhəng “Böyük Qayıdış” layihəsini izləyəcəklər. 30 il ərzində dağıntılara məruz qalmış və hazırda yenidən qurulan Qarabağ bölgəyə səfər edən qonaqlar üçün mühüm mesaj daşıyır. Buradakı dağıntılar göstərir ki, dini-siyasi təfriqənin və dini ayrı-seçkiliyin qızışdırdığı münaqişələr heç kimə fayda gətirmir. Dini zəmində qarşıdurmalar ilk növbədə insanların həyatına, tarixi-mədəni irsə və əsrlər boyu yaradılmış dəyərlərə ağır zərbə vurur. Belə münaqişələr mədəni irsin məhv edilməsinə və vandalizm hallarının artmasına yol aça bilər. Qarabağda həyata keçirilən bərpa və quruculuq işləri isə sülhün, qarşılıqlı hörmətin və birgəyaşayışın əhəmiyyətini önə çıxarır”.

 

Herbiand.az

Yunis İsrəfilov