Azərbaycan Respublikasında akkreditə olunmuş diplomatik korpusun Qarabağ və Şərqi Zəngəzura səfərinə qarşı Ermənistan tərəfinin sərgilədiyi qəbuledilməz reaksiya və ikili standartlar bir daha onların sülh prosesində səmimi olmadığını açıq şəkildə göstərir.
Herbiand.az xəbər verir ki, bunu tele-aparıcı, sənətşünaslıq üzrə fəlsəfə doktoru Fəxriyyə Lilpar Isayeva bildirib.
Qarabağ və Şərqi Zəngəzur Azərbaycanın suveren ərazisidir. Xarici diplomatların suveren torpaqlarımıza səfərinə kölgə salmağa çalışmaq və buna görə absurd kampaniyalar aparmaq birbaşa ölkəmizin daxili işlərinə kobud müdaxilədir.
Təəssüf doğuran məqamlardan biri də odur ki, Ermənistan tərəfi öz ərazisində Azərbaycan xalqına məxsus minillik tarixi-mədəni irsi, qəbiristanlıqları, məscidləri və abidələri qəsdən dağıdaraq silməyə çalışır, Qafqaz Albaniyası irsini və xalqımızın Qərbi Azərbaycandakı izlərini rəsmi səviyyədə inkar edir. Bu, beynəlxalq hüququn, 1954-cü il Haaqa Konvensiyasının və UNESCO-nun müvafiq qərarlarının pozulması ilə yanaşı, həm də açıq-aşkar irqçilik və dözümsüzlükdür.
Vətəndaş olaraq mövqeyimiz birmənalıdır: Tarixi yaddaşımızın, milli-mədəni irsimizin qorunması, eləcə də ölkəmizin suverenliyinə və ərazi bütövlüyünə qarşı yönəlmiş hər cür revanşist cəhdlərin qarşısının alınması istiqamətində hər zaman dövlətimizin və xalqımızın yanındayıq! Azərbaycan torpaqlarındakı bütün tarixi abidələr xalqımıza məxsusdur və dövlətimizin qətiyyətli nəzarəti altındadır.