Advertisment

Nazir: Tacikistan yeni tərəfdaşlıqlara və birgə investisiya layihələrinə açıqdır

"Tacikistan dənizə çıxışı olmayan ölkə olduğu üçün ticarət yollarının inkişafı xüsusi əhəmiyyət daşıyır”.

Herbiand.az xəbər verir ki, bunu II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində “Qlobal artımın, investisiyanın və əlaqələrin gələcəyinin formalaşdırılması” adlı paneldə Tacikistanın iqtisadi inkişaf və ticarət naziri Abdurahmon Abdurahmonzadə deyib.

O bildirib ki, Mərkəzi Asiya, Çin və digər ölkələrdə ticarət əlaqələrini buna görə genişləndirirlər: “Tacikistan iqtisadi əlaqələrini davamlı olaraq genişləndirir. Tacikistan üçün beynəlxalq əməkdaşlıq təkcə mövcud çətinliklərin öhdəsindən gəlmək deyil”.

Nazir Tacikistanın xarici iqtisadi əlaqələrini şaxələndirdiyini və ticarət-investisiya tərəfdaşlarının dairəsini genişləndirməyə çalışdığını bildirib:

“Biz yeni tərəfdaşlıqlara və birgə investisiya layihələrinə, eləcə də ticarət, nəqliyyat, enerji, rəqəmsal iqtisadiyyat və sənaye əməkdaşlığı sahələrində əlaqələrin genişləndirilməsinə açığıq. Əsas məqsəd qlobal iqtisadi dəyişikliklərə uyğunlaşmaqla yanaşı, bu dəyişikliklərdən Tacikistanın iqtisadi transformasiyasını sürətləndirmək, rəqabətqabiliyyətliliyini artırmaq və dayanıqlı iqtisadi artımı təmin etmək üçün istifadə etməkdir”.