Advertisment

Türkiyə hava müdafiəsində yeni mərhələyə keçir-Şərh

ABŞ-nin Ankaradakı səfiri Tom Barrak Türkiyənin müdafiə sənayesinin güclü potensiala malik olduğunu bildirib. Türkiyə son illərdə hava hücumundan müdafiə sistemlərinin hazırlanması istiqamətində mühüm layihələr həyata keçirir.

Bu sahədə yerli imkanların genişləndirilməsi ölkənin xarici sistemlərdən asılılığının azaldılması baxımından xüsusi əhəmiyyət daşıyır. Hazırda Türkiyənin hava hücumundan müdafiə arsenalında Rusiyadan alınmış S-400 sistemləri də yer alır. Bəs Türkiyə tamamilə milli imkanlara əsaslanan çoxqatlı hava hücumundan müdafiə sistemini neçə ilə formalaşdıra bilər?
Ölkənin S-400 və “Patriot” kimi xarici sistemlərdən asılılığını aradan qaldırması üçün hansı müddət və texnoloji imkanlar tələb olunur?

Ümid Partiyasının Mərkəzi Aparatının rəhbəri, siyasi şərhçi Taleh Əliyev Herbiand.az-a açıqlamasında bildirib ki, son illər Türkiyə milli hava hücumundan müdafiə imkanları xeyli genişlənib:

“Türkiyə son illərdə yerli və milli imkanlara əsaslanan çoxqatlı hava hücumundan müdafiə (HHM) arxitekturasının yaradılması istiqamətində mühüm layihələr həyata keçirir. Bu konsepsiyanın əsasını “Çelik Kubbe” (Polad Günbəz) təşkil edir. “Çelik Kubbe” vahid raket sistemi deyil.

Burada radarlar, komanda-idarəetmə vasitələri, elektron-optik sensorlar və müxtəlif məsafə və hündürlüklərdə fəaliyyət göstərən HHM sistemlərinin vahid şəbəkədə birləşdirilməsi nəzərdə tutulur.

Bu arxitekturanın əsas komponentləri sırasında SİPER, HİSAR-O, HİSAR-A, KORKUT, SUNGUR, GÖKBERK, GÖKER və ALKA kimi Türkiyənin yerli və milli müdafiə sistemləri yer alır. Onların bir qismi artıq Türkiyə Silahlı Qüvvələrinin istifadəsindədir, digər layihələr isə inkişaf və genişləndirmə mərhələsindədir.

Bu istiqamətdə həyata keçirilən layihələr Türkiyənin hava məkanının qorunmasında milli texnologiyaların və yerli HHM imkanlarının rolunu artırmağa xidmət edir. Çox qısa müddətdə bu proses Türkiyənin xarici istehsal olan S-400  və “Patriot” hava hücumundan müdafiə sistemlərindən asılılığını azaldacaq”.

Məhəmməd Əliyev

Herbiand.az