Kitab silinməyən tarixdir. Bir xalqın dünənlərinin izi kitablarda yaşayır. Keçmişin bu günümüzə, bu günümüzün gələcəyimizə çatmasında kitabların böyük rolu var. Tarixə yazılan qəhrəmanlıqları biz kitablar vasitəsilə oxuyub öyrənmişik.
Xalq olaraq illər boyu yaşadığımız soyqırımlar, faciələr tarixin hər səhifəsində yer alıb.
Ancaq son illərdə Azərbaycanın tarixinə "Zəfər" kəlməsi Şəhidlərin qanı ilə böyük hərflərlə yazılıb. Həmin Zəfərin memarı olan Şəhidlərimizin adları, qəhrəmanlıqları kitabların ən önəmli mövzusuna çevrilib. Həmin kitablar sırasında "VƏTƏN FƏDAİLƏRİ" layihəsi çərçivəsində ərsəyə gələn çoxsaylı kitablar da yer almaqdadır.
Xalqımız üçün böyük əhəmiyyət kəsb edən Vətən müharibəsinin 6-cı, Ermənistan–Azərbaycan sərhədində Ermənistan və Azərbaycan Silahlı Qüvvələri arasında baş vermiş silahlı toqquşmanın 4-cü, Antiterror əməliyyatının 3-cü ildönümü ərəfəsində Şəhidlərimizin adlarını əbədiləşdirmək üçün ərsəyə gələn "VƏTƏN FƏDAİLƏRİ" layihəsinin VI hissəsi "VƏTƏN FƏDAİLƏRİ:NAXÇIVAN ŞƏHİDLƏRİ" II hissənin təqdimat mərasimi keçirilib.
Yazıçı-publisist, AYB və AJB-nin üzvü, "VƏTƏN FƏDAİLƏRİ" layihəsinin rəhbəri Manya Səxavətqızının, Qazi oğlu, Şəhid qardaşı Şahin Məmmədovun və xeyriyyəçi iş adamı Bəhruz Məmmədovun birlikdə ərsəyə gətirdikləri "VƏTƏN FƏDAİLƏRİ: NAXÇIVAN ŞƏHİDLƏRİ" II hissə kitabının təqdimat mərasimi 30 sentyabr 2026-cı ildə Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyinin və Əlahiddə Ümumqoşun Ordunun dəstəyi ilə Naxçıvan Dövlət Milli Musiqili Dram Teatrında keçirilib. Dövlət rəsmilərinin, Şəhid ailələrinin, Qazilərin, təhsil və tibb işçilərinin iştirakı ilə keçirilən tədbir media nümayəndələri vasitəsilə ictimaiyyətə çatdırılıb.
100 Şəhid həyatından ətraflı şəkildə yazılan kitabda 1988-ci ildən son Antiterror əməliyyatına qədər Şəhid olan qəhrəmanların bir çoxlarının qəhrəmanlıqlarından bəhs olunub. Tədbirdə çıxış edən qonaqlar bu kitabın (kitabların) vətənpərvərliyin təbliğatında olan rolundan danışıblar. Naxçıvan Qarnizonu Hərbi Orkestrinin müşayiəti ilə Azərbaycan Respublikasının Dövlət Himninin sədası ilə açıq elan olunan tədbirdə kitabın müəllifi Manya Səxavətqızı, "VƏTƏN FƏDAİLƏRİ" layihəsinin dəstəkçisi Şahin Məmmədov, maliyyə dəstəkçisi Bəhruz Məmmədov, ƏÜO-nun mənsubu mayor Əsədzadə Binnət Yavər oğlu, Şəhid ataları , Şəhid anaları və digər qonaqlar çıxış edərək öz dəyərli fikirlərini bölüşüblər.
Tədbirin sonunda kitab bütün tədbir iştirakçılarına təmənnasız olaraq təqdim olunub və xatirə şəkli çəkilib.
"VƏTƏN FƏDAİLƏRİ" layihəsinin rəhbər və dəstəkçiləri ilə Naxçıvan Muxtar Respublikasında yerləşən təhsil ocaqlarında da silsilə görüşlər keçirilərək tələbə, kursant və şagirdlərlə vətənpərvərlik mövzusunda söhbətlər aparılıb.
Naxçıvan Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən Naxçıvan Dövlət Texniki Kollecində, Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən Naxçıvan Hərbi Kollecində, Qəzənfər Əkbərov adına 1 nömrəli Cəhri qəsəbə tam orta məktəbində və Qoşqar Sadiqov adına 2 nömrəli Cəhri qəsəbə tam orta məktəbində keçirilən görüşlər "VƏTƏN FƏDAİLƏRİ" layihəsi çərçivəsində ərsəyə gələn kitablardan bəhs olunub və tədbirlərin sonunda müəllif Manya Səxavətqızı həmin təhsil ocaqlarının rəhbər və şagird heyətinə öz kitablarını bağışlayıb.
Vətənə xidmət hər bir vətəndaşın mənəvi borcudur. "VƏTƏN FƏDAİLƏRİ" layihəsi çərçivəsində tarixə həkk olunan Şəhid adları gələcəyə əmanətdir.
Manya Səxavətqızı
AYB-nin və AJB-nin üzvü, "VƏTƏN FƏDAİLƏRİ" layihəsinin rəhbəri