Advertisment

Rəqsanə Tapdıqinin “Müharibə xatirələri qazilərin dilindən” kitabının təqdimatı keçirilib

16 oktyabr 2026-cı il tarixdə Məhəmməd Səid Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasında şairə-publisist Rəqsanə Tapdıqinin “Müharibə xatirələri qazilərin dilindən” adlı kitabının təqdimatı keçirilib.

 Şəhid ailələri, qazilər, yazıçı və şairlərin iştirak etdiyi tədbiri  giriş sözünü kitabxananın direktoru Tamella Əsgərova açıb. 

Müzakirədə Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin sədri, Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi, şair Asim Yadigar “Rəqsanə Tapdıqinin vətənpərvərlik missiyası”, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı, Vətən müharibəsi qazisi Təbriz Zeynalov “44 günün unudulmaz anları”, deputat, Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, şair-publisist Qafar Qərib “Zəfər salnaməmizin poeziya və publisistikadakı əks-sədası”, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Zərif Qadınlar Ədəbi Məclisinin təsisçisi, şair-publisist Təranə Arifqızı “Qazilərimizə olan mənəvi borcumuz və bu kitabın dəyəri” mövzularında çıxış ediblər.

Çıxışlarda kitabın tarixi əhəmiyyətinə, müharibə həqiqətlərinin qazilərin xatirələri əsasında gələcək nəsillərə çatdırılmasına, Vətən müharibəsinin unudulmaz anlarının ədəbi-publisistik ifadəsinə və vətənpərvərlik ruhunun təbliğinə diqqət yetirilib.

Culfa rayonunun Ərəfsə kənd tam orta məktəbinin tarix müəllimi, müəllifin həyat yoldaşı Elgin Nəcəfov kitabın tarixi baxımdan dəyəri haqqında fikirlərini bölüşüb. Daha sonra tədbir iştirakçılarının kitab haqqında düşüncələri dinlənilib.

 Kitabın müəllifi, şairə-publisist Rəqsanə Tapdıqı əsərin ərsəyə gəlməsi, məqsədi və əhəmiyyəti barədə danışıb.

Bəxtiyar ƏLİYEV
Azərbaycan Jurnalistlər Birliyinin üzvü