Misir Prezidenti Əbdülfəttah Əs-Sisi 2030-cu ildə prezidentlik müddəti başa çatdıqdan sonra vəzifəsindən ayrılmaq niyyətində olduğunu bildirib.
Herbiand.az xəbər verir ki, bu barədə “Dubai Eye” nəşri məlumat yayıb.
Misir lideri bu barədə hərbi akademiyada çıxışı zamanı danışıb.
“Qarşıdakı dövr – mən 2030-cu ili nəzərdə tuturam – prezidentlik müddətimin başa çatması ilə yekunlaşacaq. Bu məsələ qəti şəkildə həll olunub və müzakirə mövzusu deyil”, – deyə Əs-Sisi bildirib.
Qeyd edək ki, Əbdülfəttah Əs-Sisi 1954-cü ildə Qahirədə anadan olub və uzun illər Misir ordusunda xidmət edib. O, 2013-cü ildə prezident Məhəmməd Mursinin hakimiyyətdən uzaqlaşdırılmasından sonra ölkədə əsas siyasi fiqurlardan birinə çevrilib və 2014-cü ilin iyununda prezident kimi and içərək vəzifəsinin icrasına başlayıb.