Advertisment

Bir ömrün son dayanacağı: qəhrəmanlıq və əbədi xatirə Şəhid mayor Elnur Hacıyevin xatirəsinə ehtiramla…

Tarix yalnız böyük siyasi hadisələrdən, mühüm qərarlardan və dəyişən sərhədlərdən ibarət deyil. Onun arxasında həm də müxtəlif insan taleləri, yarımçıq qalan arzular, ailələrin yaşadığı ağrılar və nəsildən-nəslə ötürülən xatirələr dayanır. Bəzən bir insanın taleyi bütöv bir dövrün mahiyyətini anlamağa, həmin dövrün cəmiyyətə və insanlara təsirini daha dərindən dərk etməyə imkan verir. Vətən müharibəsi şəhidlərinin həyat hekayələri də bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Onlar yalnız ayrı-ayrı insanların həyatından bəhs edən bioqrafik məlumatlar deyil, həm də Azərbaycan tarixinin mühüm bir mərhələsini insan taleləri üzərindən əks etdirən canlı salnamədir.

Döyüş meydanında canından keçən hər bir şəhidin özünəməxsus həyat hekayəsi var. Onların hər biri fərqli yaşda, fərqli peşələrdə və müxtəlif həyat şəraitlərində böyümüş, öz arzuları və gələcək planları ilə yaşamışdı. Müharibənin ağır sınaqları qarşısında öz borclarını yerinə yetirən bu insanlar Vətən uğrunda şəhidlik zirvəsinə ucaldılar. Onların hər birinin arxasında onu sevən və yolunu gözləyən insanlar, bölüşülən xatirələr və gerçəkləşməyən arzular qaldı. Onların arasında ailəsinin qayğısını çəkən atalar, övladlarının gələcəyi üçün planlar quran gənclər, illərini hərbi xidmətə həsr etmiş peşəkar zabitlər və həyatlarının ən məhsuldar çağında olan əsgərlər var idi. Hər biri müharibəyə fərqli həyat təcrübəsi, məsuliyyət və arzularla gəlmişdi. Lakin həyat hekayələri fərqli olsa da, onların taleyində ortaq bir məqam var idi: Vətən sevgisi və torpaq qarşısında daşıdıqları məsuliyyət. 

Azərbaycanın müasir hərb tarixində - 2020-ci il Vətən müharibəsi ilə bağlı xatirələrdə - özünəməxsus yeri olan zabitlərimizdən biri də mayor Elnur Yaqub oğlu Hacıyevdir. Onun həyat yolu və hərbi fəaliyyəti müstəqilliyin ilk illərindən başlayaraq Azərbaycan Ordusunun formalaşması, inkişafı və peşəkar hərbi kadrlarla möhkəmləndirilməsi prosesi ilə sıx bağlıdır. Elnur Hacıyevin həyat tarixçəsi həm də öz peşəsini məsuliyyətlə seçən, hərbi xidmətə həyatının mühüm bir hissəsi kimi yanaşan bir zabitin keçdiyi yolun mükəmməl nümunəsidir.

Elnur Yaqub oğlu Hacıyev 1979-cu il iyunun 12-də Ucar şəhərində anadan olmuşdur. Onun uşaqlıq və yeniyetməlik illəri doğma şəhərində keçmiş, 1986–1996-cı illərdə Ucar şəhər 5 nömrəli tam orta məktəbdə təhsil almışdır. Məhz həmin illərdə onun dünyagörüşünün formalaşması, həyata münasibətinin müəyyənləşməsi və gələcək seçimlərinin əsasının qoyulması üçün zəmin yaranmışdır.

Elnur Hacıyev hələ məktəb illərindən öz məsuliyyəti və dərslərinə olan ciddi münasibəti ilə seçilirdi. Verilən tapşırıqları vaxtında yerinə yetirir, xüsusilə hərbi hazırlıq fənninə böyük maraq göstərirdi. Dərs zamanı mövzu ilə bağlı suallar verir, hərbi hazırlıq müəllimindən hərbi xidmət və döyüş həyatı haqqında daha çox məlumat almağa çalışırdı. Görünür, Vətənə xidmət etmək arzusu onun qəlbində çox erkən yaşlardan kök salmışdı.

Elnur həm də məktəbdə keçirilən hərbi-idman oyunlarında fəallığı ilə də seçilirdi. O, məktəbin idman müəlliminin təklifi ilə dəfələrlə “Şahin” hərbi-idman oyunlarında qrup komandiri kimi iştirak etmiş, üzərinə düşən vəzifələri məsuliyyətlə yerinə yetirmişdir. Komandanı idarə etmək, verilən tapşırıqların icrasına diqqət yetirmək və sinif yoldaşlarını vahid məqsəd ətrafında birləşdirmək bacarığı onun bu yarışlarda özünü göstərən əsas xüsusiyyətlərindən idi. 

Elnur mehriban, gülərüz və ünsiyyətcil bir şagird idi. İnsanlarla münasibətdə səmimiliyi qoruyur, eyni zamanda, tələb olunan məqamlarda ciddi və məsuliyyətli davranmağı da bacarırdı. Müəllimlərinə hörmətlə yanaşır, sinif yoldaşları ilə səmimi münasibət saxlayırdı. 

Bu gün geriyə dönüb Elnurun məktəb illərinə baxanda, müəllimlərinin, sinif yoldaşlarının xatirələrinə nəzər salanda insana elə gəlir ki, onun gələcəkdə hərbçi olacağı müəyyən mənada elə həmin illərdən görünürdü. 

Elnurun xarakterini səciyyələndirən cəhətlərdən biri də insanlarla münasibətdə göstərdiyi həssaslıq və ətrafındakıları bir araya gətirmək bacarığı idi. Sinif yoldaşlarının xatirələrində o, dostluğa dəyər verən, başqalarının sevincinə şərik olan, çətin anlarında isə onların yanında olmağa çalışan bir insan kimi xatırlanır. Kimsə problemlə qarşılaşdıqda, onun çətinliyinə biganə qalmır, imkan daxilində kömək etməyə çalışırdı. Elnur üçün dostluq yalnız xoş günləri bölüşməkdən ibarət deyildi, o, çətin vaxtlarda da insanların bir-birinə dayaq olmasının vacibliyini anlayır və bunu öz davranışları ilə göstərirdi.

Bu xüsusiyyətlər onun məktəb həyatında baş verən konkret hadisələrdə də özünü büruzə verirdi. Belə ki, Elnurla eyni sinifdə sağlamlıq imkanları məhdud olan bir şagird də təhsil alırdı. Elnur həmin sinif yoldaşına xüsusi diqqət və qayğı ilə yanaşmış, hətta kömək məqsədilə öz təşəbbüsü ilə pul toplamış, sinif yoldaşlarını da bu işə cəlb etmişdi. Onun üçün əsas məsələ yardımın məbləği deyil, ehtiyacı olan bir insanın çətinlik qarşısında tək qalmaması idi. 

Orta təhsilini başa vurduqdan sonra hərbi sahəyə yönəlməsi Elnur Hacıyevin gələcək peşə yolunun seçilməsində mühüm mərhələ olmuşdur. Bu seçim onun həyatında yeni bir dövrün başlanğıcı olmaqla yanaşı, qarşısına qoyduğu məqsədlərə doğru atdığı ilk ciddi addımlardan biri idi. Sonrakı illərdə onun hərbi fəaliyyəti və xidmət yolu bu seçimin həyatında tutduğu yeri daha aydın göstərmişdir.

1997-ci ildə Azərbaycan Ali Hərbi Dənizçilik Məktəbinə daxil olan Elnur Hacıyev növbəti beş il ərzində burada ali hərbi təhsil almışdır. Bu mərhələ onun həyatında mühüm dönüş nöqtəsi olmuş, hərbi sahəyə olan marağının peşəkar istiqamətdə inkişaf etməsi üçün əsas yaratmışdır. Hərbi təhsil müddətində əldə etdiyi bilik və bacarıqlar, eləcə də nizam-intizam və məsuliyyət prinsiplərinə yiyələnməsi onun gələcək zabitlik fəaliyyətinin formalaşmasında mühüm rol oynamışdır.

Elnur Hacıyev 2002-ci ildə bu təhsil ocağında təhsilini uğurla tamamlayan beş kursantdan biri olur. Azərbaycan Ali Hərbi Dənizçilik Məktəbinin kimya ixtisasına qəbul olunan səkkiz nəfərdən yalnız beşinin təhsilini başa vurması həmin dövrdə qarşıya qoyulan tələblərin və təlim prosesinin nə dərəcədə çətin olduğundan xəbər verir. Məlumdur ki, kursant həyatı adi tələbə həyatı ilə müqayisə edilə bilməzdi. Burada ciddi intizam, fiziki və mənəvi dözümlülük, müəyyən edilmiş qaydalara əməl etmək, eləcə də çətinliklər qarşısında iradə nümayiş etdirmək tələb olunurdu. Elnur bu tələblərə uyğunlaşmaqla kifayətlənməmiş, kursantlıq dövrünün çətinlikləri onun xarakterindəki səbir, dözüm və əzmkarlıq kimi keyfiyyətlərin daha da möhkəmlənməsinə şərait yaratmışdır.

Onun yaxın dostu Məmməd Əliyev xatirələrində Elnurun kursantlıq illərində əsl hərbçiyə xas xüsusiyyətləri ilə tanındığını qeyd edərək yazırdı: “Elnur məsuliyyətli, səbirli və dözümlü olmaqla yanaşı, insanlarla münasibətdə də səmimiyyəti ilə seçilirdi. Bu xüsusiyyətləri onun şəxsi heyət arasında etibar edilən və ünsiyyəti xoş olan bir insan kimi tanınmasına səbəb olmuşdur”.

Ali hərbi təhsilini başa vurduqdan sonra Elnur Hacıyev dostu Məmməd Əliyevlə bir müddət Qobustanda yerləşən hərbi hissələrdən birində xidmət edir. Lakin onun hərbi xidmətə münasibəti mövcud vəzifələrin icrası ilə məhdudlaşmır və bir müddət sonra könüllü şəkildə döyüş bölgəsinə göndərilməsi üçün raport yazır. Gənc zabitin belə bir qərar verməsi üzərinə götürdüyü məsuliyyəti dərk etdiyini və xidmətini yüksək vəzifə borcu kimi qəbul etdiyini göstərirdi.

Elnur Hacıyevin xarakterində hərbçiyə xas ciddiliklə insani keyfiyyətlər bir-birini tamamlayırdı. Xidmətdə intizamlı və məsuliyyətli olması onun gündəlik həyatda mehriban, istiqanlı və zarafatcıl davranmasına mane olmurdu. O, ailəsinə bağlı, ailə dəyərlərinə önəm verən bir övlad, bir həyat yoldaşı və nəhayət qayğıkeş ata idi. 

Elnur Hacıyev xidmət etdiyi hərbi hissədə təkcə xidməti fəaliyyəti ilə deyil, ictimai işlərdə də fəallığı ilə seçilirdi. Hərbi hissədə təşkil olunan görüşlərdə və mədəni-kütləvi tədbirlərdə iştirak edir, kollektiv həyatının təşkilinə öz töhfəsini verirdi. O, hərbi hissədə yaradılan seçki məntəqələrinin komissiyalarının tərkibində də dəfələrlə fəaliyyət göstərmişdir. 

Elnur haqqında danışan zabit dostlarının xatirələrində onun peşəsinə dərindən bağlılığı və ixtisasını yaxşı bilməsi xüsusi vurğulanır. Onun kimya elmi haqqında apardığı maraqlı söhbətlər ətrafındakı insanların da bu sahəyə marağını artırırdı. Hətta yaxın dostu və silahdaşı Zaur Axundov da xatirələrində kimya ixtisasını seçməsində Elnurla söhbətlərinin mühüm rol oynadığını qeyd edir. 

Mayor Elnur Hacıyev ali hərbi təhsilini başa vurduqdan sonra 2002-ci ildən etibarən Azərbaycan Silahlı Qüvvələrində xidmətə başlayır. Onun sonrakı hərbi fəaliyyəti Azərbaycanın müxtəlif bölgələrində yerləşən hərbi hissələrdə davam etmiş, hər bir yeni xidmət mərhələsi peşəkar təcrübəsinin zənginləşməsinə və hərbi biliklərinin möhkəmlənməsinə şərait yaratmışdır. 

O, xidməti fəaliyyətinə 2002–2006-cı illərdə Qobustan rayonunda yerləşən “N” saylı hərbi hissədə başlamışdır. Bu dövr onun zabit kimi fəaliyyətinin ilkin mərhələsini təşkil edirdi. Daha sonralar 2006–2011-ci illərdə Tovuz rayonunda, 2011–2015-ci illərdə Ağdam rayonunda, 2015–2019-cu illərdə isə Gədəbəy rayonunda yerləşən “N” saylı hərbi hissələrdə xidmətdə olan Elnur Hacıyev 2019-cu ildən etibarən Ağstafa rayonunda yerləşən “N” saylı hərbi hissədə fəaliyyətini davam etdirmiş və mayor hərbi rütbəsinədək yüksəlmişdir. Onun xidmət illəri ərzində qazandığı nəzəri biliklər, praktiki bacarıqlar və peşəkar təcrübə sonrakı döyüş fəaliyyətinin formalaşmasında mühüm amillərdən biri olmuşdur.

Ağdam rayonunda yerləşən hərbi hissədə Elnurla birgə xidmət edən ehtiyatda olan zabit Tariyel Didarov o günləri belə xatırlayır: “Elnurla cəbhənin Ağdam istiqamətində birlikdə xidmət etmişik. O, hərbi hissəmizin kimya xidmətinin rəisi vəzifəsində xidmət edirdi. Sakit təbiəti, yüksək mədəni davranışı, zəngin hərbi təcrübəsi və bir çox müsbət xüsusiyyətləri ilə seçilirdi. Buna görə də hamımızın böyük hörmətini qazanmışdı və kollektivdə sevilən zabitlərdən biri idi.

Ağdam istiqamətində xidmət şəraiti olduqca mürəkkəb və təhlükəli idi. Həmin ərazi cəbhənin ən gərgin bölgələrindən biri sayılırdı. Düşmən mütəmadi olaraq təxribatlar törədirdi. Yaşayış məntəqələri və kəndlərimiz də təmas xəttinə çox yaxın yerləşirdi. Düşmən yalnız hərbi qulluqçuları deyil, mülki əhalini və nəqliyyat vasitələrini də atəşə tutur, müxtəlif təxribatlara əl atırdı.

Belə bir şəraitdə mümkün təxribatların qarşısını almaq və qabaqlayıcı tədbirlər görmək üçün təmas xəttində xidmətimizi gücləndirirdik. Qərargah zabitləri də ön xətt bölmələrinə gəlir, bizimlə birlikdə gecələr ayıq-sayıq xidmət aparırdılar.

Mayor Elnur Hacıyev də tez-tez yanıma gəlirdi. Xidməti birlikdə təşkil edir, səhər açılana qədər döyüş mövqelərində xidmətin sayıqlıqla aparılmasına və əsgərlərimizin təhlükəsizliyinə nəzarət edirdi. Döyüş mövqelərini birlikdə gəzərkən onun əsgərlərlə münasibəti xüsusilə diqqətimi çəkirdi. Əsgərlərlə öz övladları kimi davranır, onların ehtiyacları ilə maraqlanır və həmişə onlara ruh verirdi.

Düşmənlə üz-üzə xidmət aparan əsgərlərimizin döyüş ruhunu yüksək saxlamağa çalışırdı. Həmin dövrdə işğal altında olan Ağdamın “Yeddi Xırman” və “Fərrux” dağlarını onlara göstərir, Ağdam daş karxanasını da işarə edərək deyirdi: “Burada biz müvəqqəti dayanmışıq, o dağlar bizimdir, oraları düşməndən geri alacağıq”. Bu sözlərində onun Vətən torpaqlarına bağlılığını və həmin ərazilərin azad olunacağına olan inamını aydın görmək mümkün idi.

Elnur Hacıyevin həyatı və hərbi xidmət yolunun ən mühüm mərhələlərindən biri 2020-ci ildə baş vermiş Vətən müharibəsi ilə bağlıdır. Həmin ilin əvvəlində ailə vəziyyəti ilə əlaqədar öz arzusu ilə təqaüdə çıxan Elnur hərbi xidmətini başa vursa da, Vətən qarşısında məsuliyyət hissi azalmamış, əksinə, çətin məqamda üzərinə düşən vəzifəni yerinə yetirmək əzmi artmışdı. Hələ kursantlıq illərindən hərb sənətinə olan sevgisi, peşəsinə məsuliyyətli yanaşması və gənc kursantlarla öz təcrübəsini bölüşməsi ilə seçilən Elnur müharibə başlayanda da bu prinsiplərinə sadiq qaldı. 

Elnurla birlikdə Qobustanda yerləşən hərbi hissədə xidmət etmiş yaxın dostu, ehtiyatda olan polkovnik-leytenant Müstəcəb Niyarov müsahibəsində Elnurun yüksək vətənpərvərlik ruhuna malik olduğunu xüsusi vurğulamışdır. Elnurla apardıqları söhbətlərdən birində o, Vətən uğrunda döyüşməyi özü üçün ən böyük şərəf hesab etdiyini və hərbi çağırış olacağı təqdirdə ilk sırada döyüşə gedəcəyini açıq şəkildə bildirmişdi.

Elə belə də olur. 2020-ci ilin sentyabrında Vətən müharibəsi başlayanda Elnur Hacıyev könüllü olaraq hərbi komissarlığa müraciət edir və yenidən ordu sıralarına qatılmaq qərarına gəlir. O, müharibənin elə ilk günlərindən tərəddüd etmədən döyüş əməliyyatlarına qatılır, son nəfəsinə qədər zabit andına sadiq qalır, öz xalqının və torpağının müdafiəsi uğrunda həyatını fəda edir. 

Mayor Vasif Rəsulov də Elnurla bağlı xatirələrindən danışarkən kövrələrək yazırdı: “Elnurun müharibəyə getməsindən bir gün əvvəlki qarşılaşmamızı heç vaxt unutmayacağam. Ailəmlə birlikdə kəndimizdən – Ucar rayonunun Şahlıq kəndindən yaxın qohumumuzun yas mərasimindən Bakıya qayıdırdıq. Ucarın “Dörd yol” deyilən ərazisinə çatanda Elnuru yolun əks tərəfində gördüm. Uşaq kimi sevincli idi, qarşı tərəfə keçib mənə tərəf gəldi. Maşını saxladım və görüşdük. Mənə dedi ki, “Mamamla halallaşmağa gedirəm”. “Müharibəyə gedirəm” sözünü elə böyük sevinc və həyəcanla söyləyirdi ki, sanki ona dünyanı bağışlamışdılar. Sonra “Çoxdandır bu günü gözləyirdim, qardaş” dedi. Həmin an ürəyimdə qəribə bir narahatlıq yarandı, qanım qaraldı. Maşına oturandan sonra öz-özümə “Ölümə gedirsən, Elnur” deyərək böyük təəssüf hissi keçirdim. Kaş ki, o an keçirdiyim hisslər məni aldadaydı. Təəssüf ki, belə olmadı. Elnurun ölümünü, onun yoxluğunu hələ də qəbul edə bilmirəm”.

Füzuli rayonu istiqamətində aparılan hərbi əməliyyatlar 2020-ci il Vətən müharibəsinin mühüm mərhələlərindən birini təşkil edirdi. Bu istiqamətdə gedən döyüşlər Azərbaycan Ordusunun hərbi qulluqçularından yüksək döyüş hazırlığı, iradə və çətin şəraitdə qarşıya qoyulan tapşırıqları yerinə yetirmək bacarığı tələb edirdi. Mayor Elnur Hacıyev də Füzuli istiqamətində gedən döyüşlərdə iştirak edərək üzərinə düşən vəzifələri layiqincə yerinə yetirirdi. Lakin fələk aman vermədi. Elnurun döyüş yolu 2020-ci il oktyabrın 17-də faciəli şəkildə sona çatdı, döyüş tapşırığını yerinə yetirərkən partlayış-qəlpə nəticəsində törənmiş zədələnmə nəticəsində qəhrəmancasına həlak oldu. 

Vətən müharibəsi zamanı Elnur Hacıyevlə eyni taborun tərkibində xidmət etmiş mayor Yusif Hümbətov həmin günləri belə xatırlayır: “Vətən müharibəsi başlayanda ərizə ilə müraciət etmişdim. 2020-ci il sentyabrın 27-də bizi cəbhəyə çağırdılar. Şəhid mayor Elnur Hacıyevlə tanışlığım da elə həmin gündən başladı. Elnurla eyni taborun tərkibində idik. Mən qərargah rəisi, Elnur isə tabor komandirinin maddi-texniki təminat üzrə müavini vəzifəsinə təyin olunmuşdu. İlk olaraq Suqovuşanda müxtəlif mövqelərin ələ keçirilməsi uğrunda gedən döyüşlərdə iştirak etdik. Daha sonra bir gecə Beyləqanın Bolsulu kəndində qaldıq. Orada sıra baxışı keçirildi, silah-sursatımız yoxlanıldı və bundan sonra yenidən Füzuli istiqamətində hərəkət etdik. Füzuliyə birbaşa getmək mümkün olmadığı üçün Cəbrayıl–Hadrut–Füzuli istiqaməti ilə irəlilədik.

Oktyabrın 17-də kolonla yüksəkliyə qalxdığımız zaman texnikaları maskalamaq məqsədilə onları ağacların altına yerləşdirdik. Elnur həmin vaxt bizdən geridə hərəkət edən kolonlardan birinin tərkibində idi. Mən əraziyə çatıb texnikanı yerləşdirdikdən sonra bizə xəbər gəldi ki, geriyə qayıtmayın, arxada hərəkət edən kolonlardan vurulanlar var. Bir müddət sonra bizə tabor komandiri mayor Natiq İsmayılovun və mayor Elnur Hacıyevin şəhid olduğu barədə məlumat verildi”.

Elnur Hacıyevin həlak olması ailəsi, yaxınları, dostları və silahdaşları üçün ağır itki idi. Onun Vətənə xidmətlə keçən həyat yolu döyüş meydanında sona çatsa da, haqqında danışılan xatirələrdə, dostlarının söylədiklərində və onu tanıyan insanların yaddaşında yaşamaqda davam edir. 

Bəzən insanın həyatda qoyduğu ən böyük iz gördüyü işlərdən çox, insanların yaddaşında yaratdığı hisslər olur. Elnuru tanıyan, onunla birlikdə xidmət edən, eyni çətinlikləri və sevinci bölüşən hər kəsin öz yaddaşı, öz sözü və özünəməxsus bir xatirəsi var. Hər bir xatirə onun həyatının fərqli bir tərəfini üzə çıxarır və bu parçalar bir araya gəldikcə Elnur Hacıyevin mənəvi portreti daha dolğun görünür.

Elnur Hacıyev ölümündən sonra Vətən qarşısında xidmətləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən yüksək qiymətləndirilərək “Vətən uğrunda”, “Suqovuşanın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” medallarına, həmçinin 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilmişdir. Düşünürəm ki, insan üçün bundan böyük yadigar yoxdur — ölümündən sonra adının hörmətlə çəkilməsi, xatirəsinin sevgi ilə yaşadılması. 

Şəhid mayor Elnur Hacıyevin xatirəsinin yaşadılması həm keçmişə ehtiramın ifadəsi kimi, həm də tarixi yaddaşın qorunması və gələcək nəsillərə ötürülməsi baxımından mühüm məsuliyyətdir. Çünki, zaman keçdikcə Vətən müharibəsinin canlı şahidlərinin sayı azalacaq, həmin hadisələri bilavasitə yaşamış insanların xatirələri isə tədricən tarixə çevriləcəkdir. Belə bir şəraitdə yazılı mənbələrin, arxiv sənədlərinin, bioqrafik məlumatların və müasirlərin xatirələrinin toplanması xüsusi əhəmiyyət daşıyır. Bu materiallar həm ayrı-ayrı insanların həyat yolunun unudulmamasına, həm də gələcək nəsillərin ölkəmizin yaxın tarixini daha dolğun öyrənməsinə imkan yaradacaqdır.

Elnur qardaşımızın ömrü qısa oldu. Lakin insanın həyatı yalnız yaşadığı illərin sayı ilə ölçülmür. Bəzən bir ömürdə görülən işlər, göstərilən münasibət, qazanılan hörmət və insanların yaddaşında buraxılan iz həmin ömrün mənasını daha aydın ifadə edir. 

Şəhid mayor Elnur Hacıyevin həyat yolu və Vətən uğrunda göstərdiyi fədakarlıq yaddaşlarda qorunduqca onun adı da yaşayacaqdır. Çünki Vətən uğrunda canından keçən insanların xatirəsini yaşatmaq yalnız keçmişi anmaq deyil, həm də gələcək qarşısında məsuliyyət daşımaq deməkdir.

 

Gülşən Hüseynova

AHTM-nin əməkdaşı, 

ADMİU-nin müəllimi