Oktyabrın 17-də maliyyə nazirinin birinci müavini Anar Kərimov Tailand Krallığının paytaxtı Banqkok şəhərində keçirilən Beynəlxalq Valyuta Fondu (BVF) və Dünya Bankı Qrupunun (DBQ) İllik Toplantıları çərçivəsində bir sıra ikitərəfli görüşlər keçirib.
Maliyyə Nazirliyindən Herbiand.az-a bildirilib ki, Anar Kərimov BVF-nin Yaxın Şərq və Mərkəzi Asiya Departamentinin direktoru Cihad Azur və Fiskal Məsələlər Departamentinin direktoru Rodriqo Valdes ilə ayrı-ayrılıqda görüşüb.
Görüşlərdə 2026-cı ildə BVF-nin Nizamnaməsinin IV maddəsi üzrə aparılmış məsləhətləşmələrin nəticələri, Azərbaycanın makroiqtisadi və fiskal siyasətinin əsas istiqamətləri, eləcə də ortamüddətli dövrdə həyata keçirilən struktur islahatları müzakirə olunub.
A.Kərimov makroiqtisadi sabitliyin qorunması, iqtisadiyyatın şaxələndirilməsi və qeyri-neft sektorunun inkişafının ölkəmizin iqtisadi siyasətinin əsas prioritetləri olduğunu bildirib. O, dövlət maliyyəsinin idarə edilməsi sisteminin təkmilləşdirilməsi, büdcə xərclərinin səmərəliliyinin artırılması və fiskal dayanıqlığın gücləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat verib.
Görüşlərdə, həmçinin dövlət maliyyəsinin idarə edilməsinin rəqəmsallaşdırılması, büdcə planlaşdırılması və icrası mexanizmlərinin təkmilləşdirilməsi, nəticə əsaslı və proqram əsaslı büdcə planlaşdırılmasının tətbiqi məsələlərinə xüsusi diqqət yetirilib. Nazirin birinci müavini bu istiqamətlərdə islahatların həyata keçirilməsi və institusional potensialın gücləndirilməsi baxımından BVF-nin texniki yardımının və ekspert dəstəyinin əhəmiyyətini vurğulayıb.
Bununla yanaşı, A.Kərimov dövlət müəssisələrində aparılan islahatlar, o cümlədən monitorinq və hesabatlılıq mexanizmlərinin təkmilləşdirilməsi, fiskal risklərin qiymətləndirilməsi və dövlət müəssisələrinin fəaliyyətinə nəzarətin gücləndirilməsi istiqamətində görülən işləri diqqətə çatdırıb.
Öz növbəsində, BVF nümayəndələri tərəfindən IV maddə üzrə məsləhətləşmələrin Azərbaycanın iqtisadi siyasət prioritetlərinin qiymətləndirilməsi baxımından əhəmiyyəti vurğulanıb. Görüşlərdə fiskal siyasət və dövlət maliyyəsinin idarə edilməsi sahələrində əməkdaşlığın davam etdirilməsi, eləcə də prioritet istiqamətlər üzrə BVF-nin texniki yardımının genişləndirilməsi imkanları ətrafında fikir mübadiləsi aparılıb.
Həmin gün Azərbaycan nümayəndə heyəti Kanadanın dövlət maliyyəsinin idarə edilməsi və rəqəmsal dövlət həlləri sahəsində ixtisaslaşmış FreeBalance şirkətinin prezidenti və baş icraçı direktoru Manuel Schiappa Pietra ilə görüşüb.
Görüşdə dövlət maliyyəsinin idarə edilməsi sisteminin təkmilləşdirilməsi, büdcə planlaşdırılmasının müasirləşdirilməsi və rəqəmsal həllərin tətbiqi sahəsində əməkdaşlıq perspektivləri müzakirə olunub.
Tərəflər FreeBalance şirkətinin dövlət maliyyəsinin idarə edilməsi sahəsində beynəlxalq təcrübəsini müzakirə edib, büdcə planlaşdırılması, maliyyə məlumatlarının idarə edilməsi və dövlət resurslarından istifadənin səmərəliliyinin artırılması istiqamətində rəqəmsal həllərin tətbiqi imkanlarını nəzərdən keçirib. Eyni zamanda, dövlət maliyyəsi üzrə məlumatların təhlili imkanlarının genişləndirilməsi və şəffaflığın gücləndirilməsi istiqamətində əməkdaşlıq perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.
Azərbaycan nümayəndə heyəti Asiya İnkişaf Bankının (AİB) ABŞ-ni təmsil edən İcraçı direktoru, səfir Robert Sveeny ilə də görüşüb. Görüşdə Azərbaycan ilə AİB arasında tərəfdaşlığın mövcud vəziyyəti və inkişaf perspektivləri, birgə həyata keçirilən layihələr, özəl sektorun inkişafına dəstək, dövlət-özəl tərəfdaşlığı və regional əməkdaşlıq məsələləri müzakirə olunub.
A.Kərimov Azərbaycanın AİB ilə uzunmüddətli tərəfdaşlığa böyük önəm verdiyini, AİB tərəfindən ölkəmizdə maliyyələşdirilən layihələrin, göstərilən texniki və maliyyə dəstəyinin Azərbaycanın inkişaf prioritetlərinin həyata keçirilməsində mühüm rol oynadığını vurğulayıb. Görüşdə, həmçinin AİB-nin Direktorlar Şurasının üzvlərinin cari ilin sentyabr ayında Azərbaycana səfəri zamanı bir sıra dövlət qurumları ilə mövcud və perspektiv layihələr üzrə aparılmış müzakirələrin ikitərəfli əməkdaşlığın inkişafına töhfə verdiyi qeyd olunub.
Səfər çərçivəsində Azərbaycan nümayəndə heyəti Qara Dəniz Ticarət və İnkişaf Bankının (QDTİB) bank fəaliyyəti üzrə vitse-presidenti Ziya Əliyevlə də görüşüb. Görüşdə Azərbaycan ilə QTDİB arasında əməkdaşlığın mövcud vəziyyəti və gələcək inkişaf istiqamətləri müzakirə olunub.