Advertisment

Elm, Sənət, Mənəviyyat – Füzulinin yeni mədəni kimliyinin üç sütunu

Bu gün Füzuli Şəhəri Günüdür. 
2023-cü il martın 18-də Füzuli şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planın təsdiqlənməsi şəhərin gələcəyinə uzunmüddətli baxışın əsasını qoydu.

Füzuli Beynəlxalq Hava Limanı, Zəfər yolu, Əhmədbəyli–Füzuli–Şuşa və Füzuli–Hadrut avtomobil yolları, enerji və su təsərrüfatı obyektləri, rəqəmsal idarəetmə infrastrukturu, yeni yaşayış kompleksləri bu böyük quruculuğun önəmli tərkib hissələridir.

2021-ci il oktyabrın 26-da yüksək səviyyəli açılışı olmuş Füzuli Beynəlxalq Hava Limanı özəlliklə rəmzi anlam daşıyır. Vaxtilə yolları bağlanmış, sakinləri yurdundan ayrı düşmüş bir şəhərin beynəlxalq hava əlaqələrinə açılması onun yeni dönəminin ifadəsidir.
Lakin çağdaş şəhərsalma mühəndislik və memarlıq məsələsi olmaqdan başqa həm də kulturoloji məsələdir.

Bəs Yeni Füzuli necə şəhər olmalıdır? – Bax, bu suala yalnız mərtəbələrin sayı, yolların uzunluğu, binaların memarlıq görünüşü ilə cavab vermək yetərli olmur.
Yeni Füzuli həm də yaddaşını qoruyan, tarixi irsinə yiyə duran, insanın rahatlığını və mənəvi inkişafını önə çəkən şəhər olmalıdır.
Burada çağdaş texnologiya ilə milli memarlıq gələnəkləri, rəqəmsal idarəetmə ilə ictimai iştirakçılıq, iqtisadi inkişafla ekoloji məsuliyyət bir-birini tamamlamalıdır.
Füzulinin gələcəyi üçün önəmli məsələlərdən biri də onun tarixi yaddaşının şəhər mühitində görünən və yaşayan dəyərə çevrilməsidir. Muzeylər, kitabxanalar, mədəniyyət mərkəzləri, xatirə məkanları, yerli sənətkarlıq gələnəkləri bu baxımdan xüsusi önəm daşıyır.
Hər bir yeni şəhərin qarşısında belə bir seçim dayanır: yalnız çağdaş görünmək, yoxsa çağdaşlığın içində öz kimliyini yaşatmaq? – Füzuli üçün ikinci yol daha anlamlıdır.

Elm, Sənət, Mənəviyyat – Füzulinin yeni mədəni kimliyinin üç sütunu kimi çıxış edir.
Füzulinin yenidən qurulmasında qardaş Türk dövlətlərinin iştirakı yalnız maddi yardım və infrastruktur quruculuğu ilə məhdudlaşmır. Burada daha dərin, daha davamlı bir hadisə baş verir: ortaq türk mədəniyyətinin müxtəlif qatları konkret bir şəhərin yeni həyatında qovuşur.

Qardaş Özbəkistanın təşəbbüsü ilə inşa olunmuş Mirzə Uluqbəy adına 1 saylı tam orta məktəb 2023-cü il avqustun 23-də Azərbaycan və Özbəkistan prezidentlərinin iştirakı ilə açıldı.
Mirzə Uluqbəy – Türküstanın böyük elm və düşüncə tarixinin görkəmli simalarından biridir. Səmərqəndin elmi gələnəklərini, astronomiyanı, bilik və maarifçilik ruhunu təmsil edən bu adın Füzulidə məktəbə verilməsi çoxqatlı mənəvi anlam daşıyır.
Bir tərəfdə Azərbaycanın işğaldan qurtulmuş şəhəri, digər tərəfdə Türküstanın böyük elmi irsi…
Bax, bu iki xəttin bir məktəbdə qovuşması ortaq mədəniyyətin gələcəyə yönəlmiş ifadəsidir.

Məktəb – gələcək nəsillərin düşüncə tərzinin, dünyagörüşünün, mənəvi üfüqlərinin formalaşdığı məkandır.
Özbəkistanın Füzuliyə məktəb bəxş etməsi, bu anlamda, gələcəyə qoyulan mənəvi yatırımdır.

Qazaxıstanın Füzulidə tikdiyi Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzi də eyni dərəcədə diqqətəlayiq hadisədir. 2024-cü il martın 12-də Azərbaycan və Qazaxıstan prezidentlərinin iştirakı ilə açılan bu mərkəz iki xalqın mədəni yaxınlığının ifadəsinə çevrildi.
Kurmanqazı – qazax musiqi mədəniyyətinin böyük simalarındandır. Onun adı ilə bağlı yaradıcılıq məkanının Füzulidə fəaliyyət göstərməsi ortaq türk mədəniyyətinin yeni nəsillərə ötürülməsi baxımından xüsusi rəmzi anlam daşıyır.
Qazax çölünün musiqi yaddaşı Qarabağın mədəni mühitinə daxil olur. Kurmanqazının əsərlərində yaşayan azadlıq duyğusu Füzulinin yeni həyatında özünəxas mənəvi səsləniş qazanır.

Türkmənistanın Füzulidə məscid tikintisi təşəbbüsü isə bu mənzərəyə üçüncü vacib qat əlavə edir: mənəviyyat!
2025-ci ilin oktyabrında Türkmənistanın Azərbaycana hədiyyəsi olaraq Füzulidə məscidin təməli qoyulmuşdur. Bu təşəbbüs iki qardaş ölkə arasında mənəvi yaxınlığın və qarşılıqlı sayğının ifadəsidir.
Məscid həm də tarixi-mədəni yaddaşın, mənəvi birliyin, insanın öz iç dünyası ilə ünsiyyətinin rəmzidir. Türkmənistanın bu təşəbbüsü ortaq mənəvi dəyərlərin Füzulinin yeni şəhər mühitində ifadəsi kimi özəl önəm daşıyır.

Beləliklə, Füzulidə üç qardaş ölkənin üç mühüm mədəni töhfəsi bir-birini tamamlayır:
Özbəkistan – Elm və maarif;
Qazaxıstan – Sənət və yaradıcılıq;
Türkmənistan – İnanc və mənəviyyat!
Bu üçlük təsadüfi uyğunluqdan daha üstün anlamlar daşıyır, bütöv insan və bütöv mədəniyyət haqqında düşünmək üçün özünəməxsus model yaradır.
Elm insanın dünyanı dərk etmək yegənəyini inkişaf etdirir; 
sənət həmin dünyanı duymaq, anlamlandırmaq və yenidən yaratmaq imkanlarını genişləndirir;
mənəviyyat isə insanın bilik və yaradıcılığını vicdan, məsuliyyət, mərhəmət və ədalət ölçüləri ilə əlaqələndirir.

Elm insana nəyi və necə bilməyi, sənət nəyi və necə duymağı, mənəviyyat isə bildiyini və duyduğunu hansı dəyərlər adına yaşatmağı öyrədir.
Bax, bu anlamda Füzulinin yeni mədəni kimliyində Elm, Sənət və Mənəviyyat bir-birini tamamlayan üç yaradıcı qüvvə kimi görünür.

Əlbəttə, burada söhbət xalqların mədəni imkanlarının bölüşdürülməsindən getmir; söhbət onların Füzulidə gerçəkləşdirdiyi konkret layihələrin rəmzi anlamlarının bir araya gətirilməsindən gedir.
Bu baxımdan Füzuli yeni bir ümumtürk mədəniyyət modelinin maraqlı örnəyinə çevrilir.

Burada elm yalnız məktəb divarları arasında qalmır, sənət yalnız yaradıcılıq mərkəzinin səhnəsi ilə məhdudlaşmır, mənəviyyat isə yalnız ibadət məkanına sığmır. – Onların hər biri şəhərin ictimai yaşamına, insan münasibətlərinə, gələcək nəsillərin dünyagörüşünə təsir göstərmək potensialı daşıyır.

Mədəniyyətin dərinliyi onun yaratdığı maddi örnəklərin insan şüurunda, davranışında və toplumsal münasibətlərdə doğurduğu anlamlarla müəyyənləşir.

Uluqbəy məktəbi, Kurmanqazı yaradıcılıq mərkəzi və Türkmənistan məscidi layihəsi bu anlamda üç ayrı tikili və təşəbbüs olmaqdan çıxaraq vahid mədəni məna sisteminin tərkib hissələri kimi görünür.
Birində zəka yetişir, digərində zövq və istedad inkişaf edir, üçüncüsündə vicdan və mənəvi məsuliyyət duyğusu möhkəmlənə bilər.

Bir vaxtlar işğal və dağıntılar yaşamış şəhərin indi elm, sənət və mənəviyyat məkanları ilə dirçəlməsi tarixin özünəməxsus mənəvi cavabıdır.
Türk dünyasının Füzulidəki varlığı da məhz burada daha dərin anlam qazanır: qardaşlıq yalnız keçmişin ortaq xatirələrinə söykənmir, gələcəyin ortaq quruculuğunda öz təsdiqini tapır. Türkiyənin iştirakı ilə gerçəkləşmiş mühüm infrastruktur layihələri, Özbəkistanın təhsil, Qazaxıstanın yaradıcılıq, Türkmənistanın mənəvi həyat sahəsindəki töhfələri bu mənzərənin ayrı-ayrı, lakin bir-birini tamamlayan cizgiləridir.
Azərbaycan isə bütün bu dəyərlərin qovuşduğu, yenidən dirçələn Vətən torpağıdır.

Füzuli coğrafi baxımdan Qarabağın güneyində, Araz boyunca yerləşir. Ancaq onun mədəni mənzərəsi bu coğrafi sınırlarda qalmır.
Bu gün Füzulidə Türk dünyasının müxtəlif dostluq və həmrəylik töhfələrinin izləri görünür. Budur, yalnız son iki il içində Qırğızıstan Prezidenti Sadır Japarovun (2024-cü ilin aprelində), Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədovun (2025-ci ilin iyulunda), Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun (2026-cı ilin iyununda) Füzuliyə səfəri də şəhərin beynəlxalq diqqət məkanına çevrilməsinin göstəricilərindəndir.

Beləliklə, Füzuli həm Qarabağın dirçəlişinin, həm də Türk dünyasının ortaq məsuliyyət və həmrəylik düşüncəsinin qovuşduğu ünvanlardan biri olur.
Bu məqamda bir mühüm fərqi vurğulamaq yerinə düşər: Türk dünyası etnik, dil və tarixi yaxınlıq anlayışlarının bəslənməsindən başqa, ortaq mədəni məsuliyyət, qarşılıqlı yardım və gələcək quruculuğu potensialıdır.
Bu potensialın gerçəkləşməsi üçün mənəvi yaxınlığın praktik işbirliyinə çevrilməsi gərəkdir.
Füzulidə qurulan məktəb və yaradıcılıq mərkəzi, məscid təşəbbüsü bax, belə işbirliyinin örnəkləridir.
Bir zamanlar Qarabağdan Türküstana uzanan yollar daha çox ədəbiyyatın, musiqinin, elmin, mənəvi irsin yolları idi; 
indi həmin əlaqələrə yeni şəhərsalma, təhsil, humanitar işbirliyi və iqtisadi inkişaf istiqamətləri də əlavə olunur.
Burada tarixin qəribə, lakin anlamlı bir ahəngi duyulur: Türküstanın böyük şəxsiyyətlərinin adları Qarabağın yenidən doğulan şəhərində yaşayır.
Bu, keçmişin gələcəyə salamıdır.

Füzulinin tarixi üzərində düşünərkən bir neçə önəmli kulturoloji nəticəyə gəlmək mümkündür.
Birincisi, mədəniyyət görünən maddi sərvətlərdən başqa, görünməyən, lakin toplumsal həyatı yaşadan yaddaş, mənəvi bağlılıq, dəyər və davranış qatlarına malikdir.
İkincisi, şəhərin dağıdılması ilə şəhər mədəniyyətinin tamamilə yox olması eyni hadisə deyil. Mədəniyyət özünün bəzi formalarını itirsə də, insan yaddaşında, ailə gələnəklərində, dil və mənəviyyat mühitində davam edə bilir.
Üçüncüsü, həqiqi dirçəliş keçmişin dəyərlərini qorumaqla gələcəyin yeni imkanlarını yaratmaqdır.
Dördüncüsü, mədəniyyətin dərinliyi yaddaşdan hansı nəticələri çıxarması ilə də ölçülür.
Bu baxımdan Füzuli bizə vacib bir həqiqəti xatırladır: Yaddaş keçmişi qoruyur, mədəniyyət isə keçmişdən gələcəyə yol açır.
Əgər şəhər yalnız dağıntıları xatırlayarsa, onun yaddaşı ağrı içində qapalı qala bilər. Əgər yalnız yeni tikililərlə öyünərsə, tarixi dərinliyini itirmək təhlükəsi yaranar. Ən doğru yol yaddaşla quruculuğun, ədalətlə humanizmin, milli kimliklə ümumbəşəri dəyərlərin tarazlığını yaratmaqdır.
Füzulinin gələcək mədəni siması bu tarazlıqla şəkillənir.
Şəhər həm yaşadığı faciələri unutmamalı, həm də yeni nəsillərə yaradıcılıq, bilik, əmək, ədalət və insan ləyaqəti üzərində qurulan gələcək düşüncəsi ötürməlidir.
Mədəniyyətin ən böyük qələbəsi dağıntıdan sonra yenidən qurmaq bacarığı ilə yanaşı, dağıntının insan ruhunda yaratdığı boşluğu da mərhələli şəkildə doldura bilməsidir.

Şəhidlər ölmədi, Vətən bölünmədi!

DÖVLƏTİMİZ ZAVAL GÖRMƏSİN!

Əkbər QOŞALI