Advertisment

Xatirələrin şirin yalanı: niyə keçmiş bizə daha firavan görünür?

Son zamanlar insanlar arasında nostalji hissləri güclənib. Tez-tez “əvvəllər hər şey daha yaxşı idi”, “o vaxtların dadı başqa idi” kimi fikirlərə rast gəlmək mümkündür. Uşaqlıq illərinə, keçmişdəki münasibətlərə, insanların bir-birinə olan səmimiyyətinə və həyat tərzinə duyulan həsrət bəzən bu günün keçmişlə müqayisə edilməsinə səbəb olur. Bəs insanlar həqiqətənmi əvvəlki illərdə daha xoşbəxt yaşayırdılar, yoxsa zaman keçdikcə yaddaşımız keçmişin çətinliklərini arxa plana keçirərək xoş xatirələri ön plana çıxarır? Müasir həyatın sürətlənməsi, iqtisadi və sosial dəyişikliklər, gündəlik qayğıların artması da bu düşüncələrin formalaşmasına təsir göstərə bilər. İnsanların keçmişə nostalji ilə yanaşmasının psixoloji səbəbləri nədir və “əvvəllər hər şey daha yaxşı idi” düşüncəsinin arxasında hansı amillər dayanır?

Psixoloq Gülər Məmmədova Herbiand.az-a açıqlamasında bildirib ki, nostalji hissi insan psixologiyasının təbii xüsusiyyətlərindən biridir. Onun sözlərinə görə, insanlar keçmişi xatırlayarkən çox vaxt xoş anlara, səmimi münasibətlərə və özlərini daha rahat hiss etdikləri dövrlərə üstünlük verirlər: “Xüsusilə orta və yaşlı nəsil keçmişlə indiki dövrü müqayisə edərkən əvvəlki həyatın daha rahat olduğunu düşünə bilər. Müasir texnologiyaların və rəqəmsal platformaların gündəlik həyata sürətlə daxil olması insanlarda zehni yorğunluğu artırır. Keçmiş dövrdə də insanlar müxtəlif məişət problemləri ilə üzləşirdilər. Saatlarla növbədə dayanmaq, evlərdə suyun olmaması, qazın kəsilməsi və işıqların sönməsi gündəlik həyatın çətinlikləri sırasında idi. Lakin insanlar bu vəziyyətlərə uyğunlaşır, problemlərin müvəqqəti olduğunu düşünərək gündəlik fəaliyyətlərini davam etdirirdilər. Əvvəlki dövrlərdə insanlar arasında canlı ünsiyyət daha çox idi. Elektrik enerjisi kəsildikdə belə insanlar şam işığında bir araya gəlir, söhbət edir, bir-birini dinləyir və ünsiyyət qururdular. Müasir dövrdə isə insanların böyük hissəsi vaxtını telefon və digər rəqəmsal vasitələrlə keçirir”.

Gülər Məmmədovanın sözlərinə görə, insanın hər gün qarşılaşdığı informasiya və hadisələr onun yaddaşına təsirsiz ötüşmür: “Bu gün insanlar sosial şəbəkələrdə müxtəlif videolar, qısa çarxlar və hadisələrlə bağlı məlumatlarla fasiləsiz qarşılaşırlar. Müxtəlif insanların həyatından görüntülər, gündəlik hadisələr və sürətlə dəyişən informasiyalar insanın yaddaşında müəyyən izlər buraxır. Yeni məlumatların davamlı şəkildə qəbul edilməsi isə zamanla zehni yorğunluğa səbəb ola bilər. İnformasiya axınının intensivliyi insanların uzunmüddətli söhbətlərə marağının azalmasına, sosial münasibətlərdən uzaqlaşmasına və təklik hissinin güclənməsinə də təsir göstərə bilər. İnsanlar gün ərzində telefon vasitəsilə çoxsaylı məlumatlar əldə etsələr də, bu, hər zaman real ünsiyyətin və emosional yaxınlığın yerini vermir. Rəqəmsal vasitələrdən davamlı istifadə yalnız zehni deyil, fiziki yorğunluq da yarada bilər. Ekran qarşısında uzun müddət qalmaq göz yorğunluğunu artırır, informasiyaların sürətlə dəyişməsi isə diqqətin bir mövzuda cəmlənməsini çətinləşdirə bilər”.

Psixoloq hesab edir ki, insanların keçmişə münasibətinə təsir edən amillərdən biri də xatirələrin xüsusiyyətidir: “Belə ki, insanlar əvvəlki illəri xatırlayarkən həmin dövrün xoş anlarını ön plana çəkə, qarşılaşdıqları çətinlikləri isə zaman keçdikcə daha az xatırlaya bilərlər. Bu səbəbdən keçmişin daha firavan və rahat görünməsi hər zaman həmin dövrdə həyatın obyektiv olaraq daha asan olması demək deyil”. Gülər Məmmədova hazırkı dövrün vizual mühitindən bəhs edərək, gündəlik həyatda sadə dizaynın, neytral tonların üstünlük təşkil etdiyini vurğulayıb: “Ağ və açıq qəhvəyi kimi tonların geniş yayılması da əvvəlki dövrlərin rəngarəngliyi ilə müqayisədə insanlarda fərqli təəssürat yarada bilər”.

Pssixoloq hesab edir ki, insanların keçmişə nostalji hissi keçirməsini yalnız yaş amili ilə izah etmək düzgün deyil: “Burada həm xatirələrin təsiri, həm müasir həyatın sürəti, həm də rəqəmsal informasiya yükü rol oynaya bilər. İnsanların gündəlik həyatında canlı ünsiyyətə, istirahətə və informasiyadan uzaq vaxt keçirməyə yer ayırması bu yorğunluğun azaldılmasına kömək edə bilər”.

 

Yunis İsrəfilov

Herbiand.az