Advertisment

Şərurda 3700 hektar sahədə taxıl əkini nəzərdə tutulur

Payızda torpağa səpilən hər toxum gələn ilin məhsuluna bəslənilən ümidin başlanğıcıdır. Şərur rayonunda fermerlər yeni əkin mövsümünə start verərək torpağı gələn ilə hazırlayırlar. Sahələrdə traktorlar işləyir, əkin və suvarma tədbirləri davam etdirilir. Torpaqla çalışan insanların zəhməti, təcrübəsi və bol məhsula inamı isə yeni mövsümün əsas mənzərəsini yaradır.

AZƏRTAC-ın bölgə müxbiri rayonda olub, təsərrüfatlarda payızlıq taxıl əkininin gedişi ilə maraqlanıb, fermerlərlə yeni mövsümə hazırlıq və qarşıya qoyulan hədəflər barədə söhbət edib.

Payız əkini mövsümü kənd təsərrüfatında növbəti ilin məhsulunun əsasını qoyan mühüm mərhələlərdən biridir. Bu dövrdə torpağın düzgün hazırlanması, keyfiyyətli toxumdan istifadə və aqrotexniki qaydalara əməl edilməsi gələcək məhsuldarlığa birbaşa təsir göstərir. Şərur rayonunda da fermerlər əkin sahələrini genişləndirmək, torpaqdan səmərəli istifadə etmək və taxıl istehsalını artırmaq məqsədilə işləri davam etdirirlər.

Şərur Regional Dövlət Aqrar İnkişaf Mərkəzinin sektor müdiri Əli Babayev AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, rayonda taxıl əkini ardıcıl şəkildə davam etdirilir. 2026-cı ilin məhsulu üçün 2635 hektar sahədə taxıl əkilib. Hər hektardan orta hesabla 45 sentner məhsul götürülüb, ümumi istehsal isə 11 min 860 ton təşkil edib.

Hazırda 2027-ci ilin məhsulu üçün əkin işləri aparılır. Növbəti mövsümdə rayonda 3700 hektar sahədə taxıl əkilməsi proqnozlaşdırılır. İndiyədək 655 hektar sahədə əkin həyata keçirilib. Bunun 193 hektarını arpa, 462 hektarını isə buğda sahələri təşkil edir.