Ötən həftə "Qroznı" korveti Amur Gəmiqayırma Zavodundakı emalatxanadan suya salınıb. Bu, Rusiya Hərbi Dəniz Qüvvələri üçün Amur Gəmiqayırma Zavodunda inşa edilən beşinci çoxməqsədli 20380 layihəli gəmidir.
Herbiand.az-ın məlumatına görə, bu barədə Birləşmiş Gəmiqayırma Korporasiyasının mətbuat xidmətindən bildirilib.
Mərasimdə Sakit okean donanmasının baş komandanı, admiral Viktor Liina, Xabarovsk diyarının qubernatoru Dmitri Demeşin, Komsomolsk-na-Amur administrasiyasının nümayəndələri və müəssisənin veteranları iştirak ediblər.
Admiral qeyd edib ki, "Qroznı" korvetinin heyəti artıq formalaşıb və 5 oktyabrdan təlimlərə başlayıb: “Daha sonra onlar gəminin tikintisini sizinlə birlikdə başa çatdırmaq və onu yaxın illərdə donanmaya daxil etmək üçün gəmiqayırma zavoduna gələcəklər”.
Bəxtiyar CƏFƏRLİ