“Naxçıvan Şəhid Ailələri” İctimai Birliyinin mətbuat xidməti bildirir ki, 28 oktyabr 2026-cı il tarixdə Şərur rayonunun Qarahəsənli kəndində Vətən müharibəsi şəhidi Cəlilov Həsən Məhərrəm oğlunun şəhadətinin 6-cı ildönümü münasibətilə anım tədbiri keçirilib.
Tədbirdə Şərur Rayon İcra Hakimiyyətinin başçısı Kamal Cəfərov, rayon icra hakimiyyətinin kollektivi və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Mərasim başlamazdan əvvəl Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, ardınca Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Tədbir zamanı çıxış edən icra başçısı Kamal Cəfərov Cəlilov Həsən Məhərrəm oğlunun Vətən uğrunda göstərdiyi qəhrəmanlıqdan, fədakarlığından, eləcə də onun döyüş yoluna verilən yüksək qiymətin göstəricisi olan təltif, orden və medallarından bəhs edib. Eyni zamanda, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin şəhid ailələrinə göstərdiyi daimi diqqət və qayğı vurğulanıb, işğaldan azad edilmiş torpaqlarımıza Böyük Qayıdış proqramının icrası barədə danışılıb.
Həmçinin rayon rəhbəri şəhidimizin məzarı önünə gül dəstələri düzərək əziz xatirəsini dərin ehtiramla yad edib, məzar başında ailə üzvləri ilə səmimi görüş keçirib.
Şəhidlərimizin xatirəsinin yaşadılması, onların qəhrəmanlıq yolunun gələcək nəsillərə çatdırılması və şəhid ailələrinə diqqət göstərilməsi hər birimizin mənəvi borcudur. Vətən uğrunda canından keçən qəhrəmanlarımızın əziz xatirəsi xalqımızın qəlbində daim yaşayacaq.
Bəxtiyar Əliyev