Advertisment

Pələng bir gündə üç nəfərə hücum etdi

Hindistanın Çandrapur rayonunda bədbəxt hadisə baş verib. Herbiand.az xəbər verir ki, 3 nəfər vəhşi heyvanın hücumuna məruz qalıb.

Məlumata görə, pələngin hücumu nəticəsində iki nəfər həyatını itirib, daha bir nəfər isə yaralanıb.

Yırtıcının ilk qurbanı 75 yaşlı fermer Patru Ramaci Meşram olub. Oktyabrın 30-da günorta saatlarında düyü sahəsinə gedən fermer axşam evə qayıtmayıb.

Kənd sakinləri və yaxınları axtarış zamanı sahənin kənarında onun qanlı eynəyini, əsa və ayaqqabılarını tapıblar.

Axtarışlar davam etdirilərkən fermerin parçalanmış meyiti aşkarlanıb.

Həmin gün pələng meşədə 55 yaşlı Sadaşiv Çirkata da hücum edərək onu öldürüb. Üçüncü hücum isə 60 yaşlı çoban Rajeşvar Bicu Sidama qarşı baş verib və o, yırtıcı ilə qarşılaşmadan sağ çıxaraq xəstəxanaya yerləşdirilib.

Meşə təsərrüfatı idarəsinin əməkdaşları hər üç hadisənin eyni pələng tərəfindən törədildiyini ehtimal edir və hazırda yırtıcının axtarışını davam etdirirlər.

Aydın

Herbiand.az