Şərur Rayon İcra Hakimiyyəti və “Naxçıvan Şəhid Ailələri” İctimai Birliyinin birgə təşkilatçılığı ilə 8 Noyabr – Zəfər Gününün altıncı ildönümünə həsr olunmuş “Milli qürur günümüz” adlı tədbir keçirilib.
Tədbir başlamazdan əvvəl Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Tədbirdə çıxış edən Şərur Rayon İcra Hakimiyyətinin başçısı Kamal Cəfərov 8 Noyabr – Zəfər Gününün xalqımızın tarixindəki mühüm əhəmiyyətindən danışıb. Bildirilib ki, bu tarixi qələbə Azərbaycan Ordusunun gücünü, xalqımızın birliyini və Vətən sevgisini bütün dünyaya nümayiş etdirib.
Şərur rayonundan olan 31 sakinin Vətən müharibəsində şəhidlik zirvəsinə ucaldığı diqqətə çatdırılıb. Şəhid ailələrinə və müharibə əlillərinə göstərilən dövlət qayğısından bəhs edən icra başçısı rayonda bu istiqamətdə həyata keçirilən tədbirlər və yeni mənzillərin təqdim olunması barədə məlumat verib. Zəfərin qorunmasının, şəhidlərimizin xatirəsinin daim uca tutulmasının və qazanılan uğurların gələcək nəsillərə çatdırılmasının hər bir vətəndaşın mənəvi borcu olduğu vurğulanıb.
Daha sonra “Naxçıvan Şəhid Ailələri” İctimai Birliyinin sədri, şəhid atası Mais Gülməmmədov, şəhid anası Mədinə Vəliyeva, Ali Məclisin deputatı, şəhid qardaşı Üzeyir Məmmədov və şəhid atası Nizami Əliyev çıxış edərək Zəfərin qazanılmasında şəhidlərimizin göstərdiyi qəhrəmanlıqdan, onların əziz xatirəsinin daim uca tutulmasının vacibliyindən danışıblar.
Tədbir Şərur Regional Mədəniyyət İdarəsinin hazırladığı bədii proqramla davam edib. Təqdim olunan musiqi və ədəbi-bədii kompozisiyalar iştirakçılara Zəfər sevincini və milli qürur hissini bir daha yaşadıb.
Qeyd edək ki, 8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının birliyinin, milli iradəsinin və qəhrəmanlıq salnaməsinin təntənəsidir.
Bəxtiyar Əliyev
"Naxçıvan Şəhid Ailələri" İctimai Birliyinin mətbuat katibi