(Esse)
- Həmin gün, 2025-ci ilin avqust ayının 4-də Bakıdan çox uzaqda olduğuma görə sizi son mənzilə yola salmağa, sizinlə son dəfə Dövlət Milli Gənc Tamaşaçılar Teatrında olan vida mərasiminə gələ bilmədim böyük Ustad. Mən sizə həmişə Ustad deyə müraciət edirdim. Siz də məni özünüzün kiçik qardaşınız kimi qəbul etmişdiniz. Əlbəttə, vida mərasiminə gələ bilmədiyimə görə özümü bağışlamıram. Və fikirləşirəm ki, Bakıda olsaydım həmin vaxtı mənim orada olmaq borcum idi və olacaqdım. Axı siz mənim kimi yüzlərlə yazarların həyatında mayak rolunu oynayıbsız. Mən həyatımın ən çətin problemli anlarında sizə müraciət edirdim və siz də həmin problemləri tez bir vaxtda həll edirdiniz.
- ... Bizim sizinlə yaxın tanışlığımız 1985-ci ildən başladı. O vaxt ki, siz Azərbaycan Yazıçılar Birliyinin katibi kimi nəsr şöbəsinə rəhbərlik edirdiniz və mənim “İnan mənə” pyesimi altı Azərbaycan dramaturqlarının pyesləri arasından seçib Moskvaya, SSRİ dramaturqları müsabiqəsinə göndərdiyiniz və mənim pyesim SSRİ-nin 48 dramaturqu arasında laureat olduğu vaxtdan. Bu hadisəyə siz məndən daha çox sevinirdiniz. Axı Moskvaya müsabiqəyə gedəcək pyeslərin arasında sizin dostlarınızın da pyesləri olub. Amma siz yeganə məhz mənim pyesimi seçib göndərməklə həmin dostlarınıza da sübut etdiniz ki, dramaturgiyanı yaxşı bilirsiniz. Bax, həmin vaxtdan mənim sizinlə yaxın münasibətim başladı.
- Ən maraqlısı da bu idi ki, hələ 1977-ci ildə sizin atanız, Xalq yazıçısı İlyas Əfəndiyev Azərbaycan dramaturqlarının pyeslərinin müsabiqəsində sədr olduğu vaxtı məni tanımaya-tanımaya “Həyatın astanasında” pyesimə də birinci yer vermişdi. Bəli. Siz hər ikiniz həmişə istedadlı yazarları müdafiə eləyib və həmişə də onlara arxa-dayaq olubsunuz. Bu, əsl ağsaqqallıq, kişilik timsalı, simvolikasıdır deyərdim.
- Tale elə gətirdi ki, siz dram əsərləri yazanda onların bəzilərini mənə verdiniz oxudum və öz fikirlərimi də dedim. Hətta onlardan bəzilərinə quruluş da vermək istəyirdim rəhbərlik etdiyim Sumqayıt Dövlət Musiqili-Dram Teatrında, amma oradan işdən çıxmağımla bu arzularım da yarımçıq qaldı. Amma İlyas Əfəndiyevin “Məhv olmuş gündəliklər” pyesinə Dövlət Gənclər Teatrında quruluş verdim və bu tamaşa sizin də xoşunuza gəldi. Sonra sizin “Mən sənin dayınam” pyesinizi müzikıl kimi hazırlamaq istədiyim bir vaxtda Dövlət Gənclər Teatrı ilə Dövlət Milli Gənc Tamaşaçılar Teatrı birləşdi və bu iş də yarımçıq qaldı...
- Amma mən hələ 2000-ci ildə sizə bir esse həsr eləmişdim və həmin esse sizin çox xoşunuza gəlmişdi. “Ad özünü doğruldanda” adlı bu esseni sonralar siz bir neçə kitabınızda çap etdirdiniz. Sonra mən həmin esseyə əlavələr də elədim. Bircə buna təskinlik tapıram ki, siz həmin esseni oxuyub bəyənmişdiniz Ustad.
- Yeriniz cənnət olsun. Mən bilirəm ki, bu, belədir. Axı siz cavan yaşlarınızdan əsl ağsaqqal və xeyirxah müdrik insan idiniz. Sizin leksikonunuzda “yox” sözü yox idi. Ona görə də biz sizi Peyğəmbər xislətli bir insan kimi tanıyırdıq. Siz, Ulu Tarının ən sevimli bəndələrindən idiniz.
- Sizə həsr etdiyim esseni sizin ruhunuzun şərəfinə yenidən çap edirəm Ustad və sizə qəni-qəni rəhmət diləyirəm. İnanıram ki, Azərbaycan nə qədər olacaqsa onun ədəbiyyatında siz həmişə birinci yerlərdən birində olacaqsınız. Ən sevimli klassiklərimizdən biri kimi əbədi yaşayacaqsınız.
Müəllif
Onunla ilk tanışlığım yadıma gəlmir... Bəlkə "Ağ dəvə" rəvayətini, “Mahmud və Məryəm” dastanını lap uşaq yaşlarımdan kəndimizin qocalarından, ağsaqqallarından, ağbirçəklərindən eşidən vaxtlardan tanımışam onu? Bəlkə Poçt şöbəsində işləyən ilk sevdiyim qızın yanında dayanıb və sevgimi ona deməkdən utanaraq, xəyallara daldığım vaxtdan yaranıb, bu tanışlıq?.. Bəlkə Baladadaş yaşında ilk sevginin acısını daddığım vaxtdan tanımışam onu?.. Bəlkə “Dolça” adlı itimizin özgə çörəyi ilə qudurub, bizi qapdığı vaxtdan yaranıb bu tanışlıq?.. Bəlkə teatr adlı, bu dünyada özümüz-özümüzə gülüb, şəbədə qoşduğumuz vaxtlardan yaranıb tanışlığımız?.. Bəlkə “Bülbülün nağılı”nı oxuyub, yazıçının inci kimi sözləri bir-birinə düzüb, zərli, qiymətli bir boyunbağı yaratdığına mat qaldığım vaxtdan tanımışam onu? Bəlkə bu kiçik bədii əsərin qalın-qalın kitablar qədər olan fəlsəfəsi məni heyran etdiyi vaxtdan yaranıb bu tanışlıq? Bəlkə...
Bilmirəm. Bərcə onu bilirəm ki, bu görüşün tarixçəsi çox qədimdir. O vaxtlar nə “Şuşaya duman gəlmişdi”. Nə bu dünyamızdan qatarlar getmirdi... Nə par-par parıldayan Yuqoslaviya ayaqqabımız, nə ox kimi bıçağımız vardı. Nə də “İki çal Papağın və bir Qara Kepkanın nağılı”nı oxumamışdıq ki, bu keşməkeşli dünyada, özümüzü Qara Kepkalardan qorumağı öyrənək... “Ölüm hökmü”nün də nə olduğunu bilmirdik... “Beş dəqiqədə əbədiyyət”də yaşamamışdıq, Mərdan Dadaşlı kimi. Hər şeyə romantik hisslərlə baxırdıq. Baladadaş kimi...
Yazıçı Elçinin hekayələrində, esselərində, povestlərində, romanlarında, pyeslərində və başqa janrlı əsərlərində, El üçün yanan, El üçün düşünən, El üçün həyatını şam kimi əridənlər, dələduzlarla, yaltaqlarla, xəbislərlə, milli mənsubiyyətini satanlarla, millətinə düşmən olanlarla vuruşub, gah müdrik, gah yumorlu sözlərlə, eyhamlı cümlələrlə, fikirlərlə, hadisədən-hadisəyə, zamandan-zamana keçərək yabançıları, naqisləri, nakəsləri ram eləyir, onların əsl simasını müəllifın və öz obrazlarının dili ilə bizə çatdırır, göstərir və inandırır. Bütün yaradıcılığında haqqı, haqq işi, kişiliyi, mərdliyi müdafiə eləyən Elçin isə ən yüksək zirvədə dayanıb, bu hərc-mərclik, vuruş dünyasında müsbət qəhrəmanlarının qələbə çalmasını izləyir, gözləyir və onlara məntiqli cümlələri, fəlsəfi fikirləri ilə köməklik edir. Onları mübarizləşdirir, mətinləşdirir. Hər bir əsərində millətin dərdini öz dərdi bilir yazıçı Elçin...
Ömrünün yarım əsrini arxada qoyanlar və onlardan cavan olan yazarlar, ədəbiyyat oxucuları, milli ruh, istək üstündə köklənmişlər üçün, Elçinin dili, inci zərgərliyi ilə sözləri-sözlərə, obrazlı fikirləri- fikirlərə ustalıqla calaması və özünün də lap cavanlıqdan sifətindəki nur, gözlərindəki mərhəmət, onu bizə çox yaxın eləyib, sevdirib. Biz də ilk yazılarımızda onu təqlid eləyib, onun yaradıcılığından bəhrələnmişik. Onun iç dünyasına baş vurub, yazılarımızda özümüzü ona oxşatmağa çalışmışıq... Onun yaratdığı körpüdən keçmişik... Elçinsə, El üçün yaza-yaza, öz yolunu yaradıb, öz dünyasını yaşayıb, yaşadır...
Əlində tutduğu fanarla, yaratdığı yolu işıqlandırıb, bizi də ardınca aparır. Bizə dünya mədəniyyətindən, ədəbiyyatından inciləri öz dilimizdə gözəl, bədii cümlələrlə təqdim eləyir... Dünyanın ən böyük dahilərini, dühalarını öz dilimizdə bizə tanıdır... Beləcə, El çin yanan, El çin düşünən müdrik Elçin, öz yazıları, əsərləri, fəlsəfi fikirləri ilə, əlindəki fanarla milləti qaranlıqdan işıqlığa, çamurluqdan laləzara aparır...
Hər dəfə mən böyük yazıçı, müdrik insan Elçinlə görüşəndə, onunla söhbət eləyəndə neyçünsə yadıma “Qış nağılı” adlı qədim bir el rəvayəti və rəvayətin baş qəhrəmanı, El ağsaqqalı Kərim kişi düşür... Əlbəttə, Bakıda qarlı-çovğunlu qış səhərinin açılmasına pəncərədən məyusluqla baxan və Bilgəhdəki bağında zəncirli qalan iti Nabran üçün nigaran olan, Elçinin “Qış nağılı” əsərindəki Kərim kişini demirəm. Mən həmin həqiqətə oxşar başqa rəvayəti demək istəyirəm.
Belədir həmin rəvayət:
Belə nəql eləyirlər, belə deyirlər ki, bir elə, bir obaya Ulu Tanrı o qədər qar yağdırır, bu obanın, bu elin başqa obalarla yolları, izləri tamam kəsilir, bağlanır. Bir ay yağan qar bu obada heç kimin evində azuqə qoymur, hamının taxçası, boxçası boşalır... Uşaqlar, xəstələr çörək istəyir... Heç nəyə çarə tapa bilməyən həmin elin camaatı, obanın ağsaqqalının evinə gəlib, ondan imdad, kömək diləyirlər...
Ağsaqqal Kərim kişi hamıya diqqətlə qulaq asıb, özünə məxsus qalın, qaltanlı səslə, aramla deyir:
-Sizin hamınızın həyəcanını, təlaşını başa düşürəm... Bu bəladan qurtarmaqçün bircə yol var. Bu günün işini sabaha saxlamamaq şərti ilə, elə bu gecə, obanın qoçaq, igid kişiləri hərə bir heybə götürsün, mənimlə birlikdə gedib, qonşu obadan çörək, azuqə gətirək. Onu da bilirsiz ki, bizim obamızla qonşu obanın yolu çox uzaqdır. Və yollar da qurd-quşla doludur...
İmdada, köməyə gələnlərin, heç biri bu qarlı-çovğunlu gecədə, yolları çaqqal-çuqqalla dolu olan bir məmləkətdə həyatını bada vermək, qurda-quşa qismət olmaq istəmir... Və hərəsi bir bəhanə ilə evlərinə dağılışırlar.
Obanın kişiləri dağılışıb gedəndən sonra ağsaqqalın, Kərim kişinin məyus olduğunu görən madar oğlu, Cavanşir dözməyib deyir:
- Gəl, mənimlə gedək ata. Ölməmişəm ki. Mən hazır. Hərəmiz bir heybə çörək gətirsək, heç olmasa uşaqlara, xəstələrə bir günə çatar. Sonrasına da Allah kərimdir...
Özündən sonra, onun çırağını, ocağını yandıracaq, bircə madar oğlunun bu sözlərinə ağsaqqal razılaşmaq istəmir.
- Yox, oğlum,- deyə o, oğlunun üzünə heyranlıqla baxıb deyir. Mən tək, özüm gedəcəm. Əgər mənə bir şey olsa, həyatım sona yetsə, qurda-quşa qismət olsam, heç olmasa sən mənim çırağımı, ocağımı sönməyə qoymazsan... Əgər gedib qonşu obaya çıxa bilsəm, orda çətin günlərimin dostları var. Onlar yəqin ki, mənə kömək eləyərlər və biz bu obaya bir neçə heybə çörək gətirərik...
Oğul atası ilə razılaşmaq istəmir və deyir:
- Mən də səni tək getməyə qoymayacam. Sən öz çırağını, öz ocağını hələ əlli il də bundan sonra özün yandırmalısan... Ancaq belə tufanlı, çovğunlu gecədə tək getsən...
Ata-oğul çox mübahisə eləyirlər... Axırda çar-naçar qalan ağsaqqal Kərim kişi, oğlu Cavanşirlə razılaşır. Razılaşır ki, oğlu da onunla getsin qonşu obadan çörək gətirməyə. Ona kömək, arxa olsun.
... Heybələri çörəklə dolu ata və oğul alatoranda, qonşu obadan öz obalarına dönürlər. Uzaqdan canavarların, çaqqalların ulaşması eşidilir. Tufan, çovğun onlara yeriməyə imkan vermir. Bir yandan da hər tərəfdən eşidilən vəhşi heyvanların səsləri böyük vahimə yaradır...
Oğluna ürək-dirək vermək üçün hərdən müdrik qoca deyir:
- Yorulmamısan ki, oğlum? Bir az da döz, obamıza az qalıb. Çatmışıq...
- Mən sənin oğlunamsa dözümlüyəm, ata. Arxayın ol. Səninlə dünyanın hər çətinliyinə, dərdinə dözüb, hara lazımsa gedərəm. Təki xalqın ağsaqqal kimi sənə olan inamı, sevgsi itməsin, -deyə oğul da öz növbəsində, qabaqda gedən atasına ürək-dirək verirdi.
Beləcə qarlı-çovğunlu qış gecəsində ata ilə oğul yol gedir, hər biri öz iç dünyasında, öz-özünə təskinlik, inam verərək, obalarına tələsirlər...
Ata fikirləşir ki, “bircə qurda-quşa rast gəlməyəydik. Onlara yem olmayaydıq. Belə bir hadisə baş versə, gərək özümü qurban verim, oğlum qaçıb qurtara bilsin. Çırağım sönməsin”...
Oğul da qurdun-quşun səsini qulaq ardına vurub fikirləşir ki, “qabaqda dağ boyda atam gedir. Qurd-quş mənə neyləyə bilər?.. Atamın qorxusundan onlar bizə yaxınlaşmazlar”...
Bu vaxt birdən atanın ayağı büdrəyir və yerə yıxılır. Belində olan heybənin ağzı açılır və çorəklər qarın üstünə səpələnirlər. Oğul cəld atasına kömək eləyib onu qarın üstündən qaldırır. Köməkləşib çörəkləri heybəyə yığırlar...
İndi hər ikisi pərt, pəjmürdə yol gedirlər. Hər ikisi də öz aləmində, öz dünyasında...
Ata Kərim kişi fikirləşir:
- Nə pis oldu. Heç kimin qarşısında yıxılmayan mən, oğlumun qarşısında yıxıldım. Axı o, məni bir dağ bilirdi. Dağsa uçar, amma yıxılmaz...
Oğul Cavanşir də öz növbəsində fikirləşir:
- Mənim atam niyə yıxılmalıydı? Axı mən onu məğrur, uca bir dağ bilirdim...
Bu vaxt birdən, Cavanşirin gözləri, atasının əlində olan tək fanara sataşır. Sən demə... Sən demə bu qarlı, çovğunlu yol boyu ata, əlində olan tək fanarla, arxasınca gələn oğlunun ayalarının altını, qarlı, çovğunlu, çətin keçidli yolunu işıqlandırırmış. Özü isə qaranlıqda gedirmiş. Demək ata fikirləşirmiş ki, özü yıxılsa da olar. Onsuz da bu keşməkeşli həyatda o, çox yıxılıb, durub və özünün mənini, kimliyini sübut eləyib. Amma ata Kərim kişi istəmirmiş ki, oğlu Cavanşir yıxılsın...
Bax, Elçin də ömrünün bu ağsaqqal, müdrik çağında özündən cavan ədəbiyyat dünyasının yazarlarının ayaqlarını, yolunu həmin tək fanarla işıqlandırır və bu sözlərlə onlara ədəbiyyat aləmində öz yollarını tapmaqda köməklik eləyir və deyir:
- Yazıçı yazarkən yalnız bir insan, bir fərd kimi özünü ifadə etmir. Hərgah yalnız belə olsaydı, onda bəlkə doğrudan da Füzulidən, Balzakdan, Tolstoydan sonra yazmağın mənası yox idi. Lakin hər bir yazıçı özü ilə bərabər, öz xalqını da ifadə edir. Hər hansı bir yazıçının yerinə başqası gəlib onun xalqının hiss və həyəcanlarından, psixologiyasından, əməl və arzularından, gələcəyi naminə keçmişindən və bu günündən yazmayacaq. Bu, yalnız həmin xalqın öz doğma oğlunun, yazarının işidir.
Yazıçı o, şəxsdir ki, öz ana dilini yaşadır və inkişaf etdirir. Və bundan da böyük müqəddəs bir vəzifə ola bilərmi?..
Yazıçı həmişə istibdadın, milli hüquqsuzluğun düşməni olmaqla, öz xalqının ən qızğın, sadiq, etibarlı, milli təəssübkeşi olmuşdur.
Milli təəssübkeşlik işığını yaşadan, qoruyan, gələcək nəsillərə aparan YAZIÇI ELÇİN, işığınız mübarək! Ey böyük İNSAN, ziyalı, müdrik şəxsiyyət, filosof, alim, dövlət xadimi, Xalq yazıçısı, El üçün yazan, onun məşəqqətlərini, dərdlərini bədii şəkildə yazıya köçürüb, gələcək nəsillərə ərməğan eləyən ELÇİN müəllim!
Məm həmişə arzu edirdim ki, gün o gün olacaq, sizin əlinizdə tutduğunuz fanar elə bir gur işıq saçacaq ki, milləti həmin fanarın işığına səfərbər eləyib, milli birlik yaradacaq və QARABAĞ torpağımızı da işıqlandıracaq... Xalqı bu torpaq uğrunda döyüşlərə qaldıracaq. Millət məğlubiyyət təpkisindən, məğlubiyyət sərkisindən, başı aşağı gəzməkdən, xəcalətdən qurtaracaq. Yoxsa gələcək nəsillərimiz bu səhvi bizə bağışlamayacaqdı…
Şükür Tanrının böyüklüyünə həmin fanarın işığı artıq Qarabağa da gur işıq saçdı. Vətənpərvər igidlərimiz o cənnətməkan torpaqlarımızı erməni haylarından, gavurlarından təmizlədi. İnanırdım ki, millət, tarixlər boyu qazandığı Ərənlər diyarı, Odlar yurdu, Babək, Cavanşir, Koroğlu, Şah İsmayıl, Qaçaq Nəbi nəvələri adını doğruldacaq. Başqa cür də ola bilməzdi. Çünki başqa yolumuz da yox idi. Şuşaya gələn “dumanı” yalnız biz özümüz təmizləməliydik. Öz gücümüzlə və öz birliyimizlə. İnanırdım ki, yazıçı Elçin kimi ağsaqqalların, müdriklərin nəsihətləri, ağıllı fikirləri, əllərində tutduqları fanarlar Qarabağa gedən yolumuza işıq saçacaq. İşıqlandıracaq o cənnətməkan torpağımızı. Mən, artıq əllərində silah o yola, o işığa, o torpağa gedən igidlərimizi görürdüm... Onu da fikirləşirdim ki, vuruşla, döyüşlə verilən torpaqları yalnız vuruşla, döyüşlə və böyük igidliklər göstərməklə geri qaytarmaq olar. 44 günlük Vətən müharibəsində həmişə də daxilimdə tez-tez bu sözlər səslənirdi: “Uğurlar, uğurlar sizlərə. Yolunuz işıqlı olsun igid əsgərlərimiz”. Yolumuz uğurlu oldu. Uca Tanrıya şükür ki, millətimizin Qarabağ adlı ümidlərini, əsirlikdə qalan torpaqlarımızı azad eləyib, tarixi bir qələbə çaldıq. İndi ağsaqqal yazıçımız Elçin özünün 80 illik yubileyini azad olunmuş Şuşada qeyd eləyir. Bir vaxtlar “Şuşaya duman gəlmişdi” əsərini yazdığı cənnətməkan yerdə. Və Şuşa ilə bağlı yazacağı yeni əsərlərini fikirləşir. Xalqımızın qəhrəmanlıq dastanına Elçinin imzası ilə yeni dastanın əlavə olunacağına inanıram.
İnanıram ki, həmin cənnətməkan yerlərimizə düşmənlərimiz haylar, gavurlar bir daha heç vaxt “duman gətirməyəcək”. Gətirə bilməyəcək. Bundan sonra gələn duman yalnız təbii duman olub, təbiəti saflaşdıracaq. Necə ki, 44 günlük Vətən müharibəsində millət birləşib, bir yumruq oldu və tam saflaşıb, böyük birlik yaratdı. İnanıram ki, bu birlik və dəmir yumruq tezliklə cənubi Azərbaycanın, Borçalının, İrəvanın, Göycənin, Dərələyəzin, Zəngəzurun, Dərbəndin də “dumanını, qara buludunu” təmizləyəcək. Təmizləyəcək!.. O günlər heç də uzaqda deyil!.. Uzaqda deyil!..
Ağalar İDRİSOĞLU,
Sumqayıt şəhəri, noyabr 2000-ci il.
Bəzi əlavələr 6-7 dekabr 2008-ci il və 21-22 may 2023-cü ildə olub