Beynəlxalq Atom Enerjisi Agentliyinin baş direktoru Rafael Qrossi İdarə Heyətinin iclasında İranın xarici işlər naziri Abbas Əraqçi ilə Qahirədə MAQATE-nin İranda təftiş fəaliyyətinin bərpasının praktiki üsulları haqqında saziş imzaladığını bildirib.
Herbiand.az xəbər verir ki, bununl abağlkı MAQATE bəyanat yayıb.
Bəyantda deyilir: "Texniki sənəd Hərtərəfli Təminatlar Sazişinin müddəalarına tam uyğun olaraq təftişlərin aparılması, bildirişlərin ötürülməsi və onların praktiki tətbiqi prosedurlarını aydın şəkildə göstərir. Təftişlər İranın bütün nüvə obyektləri və qurğularına, o cümlədən hücuma məruz qalanlara və orada yerləşən nüvə materiallarına şamil edilir".
Qrossi izah edib ki, İran bu yaxınlarda qəbul edilmiş qanunvericiliyə uyğun olaraq İsfahan, Natanz və Fordodakı obyektlər üçün öz prosedurlarına əməl edəcək və bu, “düzgün yoxlamalar və obyektlərə giriş üçün yol açacaq”. Onun sözlərinə görə, bu obyektlərdə xüsusi monitorinq prosedurları "texniki səviyyədə yenidən nəzərdən keçiriləcək", lakin "həmişə İranın və MAQATE-nin Nüvə Silahlarının Yayılmaması Müqaviləsi üzrə hüquq və öhdəliklərinə uyğun olacaq".
Məsələyə münasibət bildirən İranın xarici işlər naziri Abbas Əraqçi isə öz növbəsində deyib ki, bu tədbir İslam Respublikasının xoşməramlılığını və onun sülhməramlı nüvə proqramı ilə bağlı bütün məsələləri diplomatiya və dialoq yolu ilə həll etmək öhdəliyini nümayiş etdirmək üçün mühüm addımdır. O, həmçinin qeyd edib ki, İran Nüvə Silahlarının Yayılmaması Müqaviləsinə əsasən dinc nüvə enerjisinə dair hüquqlara sadiq qalır.
İyulun 2-də İran prezidenti Məsud Pezeşkian Beynəlxalq Atom Enerjisi Agentliyi ilə əməkdaşlığı və ölkənin nüvə obyektlərində aparılan bütün yoxlamaları dayandıran qanun imzalayıb. Lakin daha sonra tərəflər əməkdaşlığın yeni şərtlərini müəyyən etmək üçün məsləhətləşmələrə başlayıblar.