Advertisment

İtaliya istehsalı olan çoxməqsədli gəmi İndoneziyaya çatıb

İlk PPA sinifli “Brawijaya” çoxməqsədli gəmi İndoneziyaya gəlib.

Herbiand.az bildirir ki, gəminin inşa edildiyi İtaliyadan səyahəti altı həftə çəkib.

Gəmi əvvəlcə İtaliya Hərbi Dəniz Qüvvələri üçün hazırlanıb. Daha sonra, 2024-cü ilin martında İtaliya və İndoneziya Cakartaya iki PPA sinifli gəmi tədarük etmək üçün müqavilə imzalayıb. 2025-ci ilin yanvarında Mujiano tərsanəsində freqatın adı dəyişdirilib. İyulun əvvəlində gəmi İndoneziya Hərbi Dəniz Qüvvələrinə təhvil verilib və ayın sonunda yeni xidməti yerinə doğru istiqamət götürüb. Təhlükəsizliyi təmin etmək üçün gəmidə İndoneziya Hərbi Dəniz Qüvvələrinin xüsusi təyinatlı dəstəsi olub.

“Brawijaya” həmçinin, Aralıq dənizində Misir freqatı, Qırmızı dənizdə İtaliya esminesi və Ərəbistan dənizində Birləşmiş Ərəb Əmirliklərinin korveti ilə birgə təlimlər keçirib.

Gəminin gövdəsinin uzunluğu 143, eni 16,5 metrdir. Ekipaj 173 nəfərdir (əlavə 30 nəfər yerləşdirilə bilər). Silahlanmaya Leonardo qrupundan 127 mm-lik top və idarə olunan döyüş sursatı olan 76 mm-lik artilleriya qurğusu, iki 25 mm-lik uzaqdan idarə olunan artilleriya sistemi və iki 324 mm-lik üç borulu torpedo buraxıcısı daxildir. Anqarda iki NH-90 helikopteri və ya bir AW-101 yerləşə bilər.

Bəxtiyar CƏFƏRLİ