Advertisment

Şəhid İmaməddin Hümbətovun doğum günüdür

44 günlük Vətən müharibəsində öncə Vətən şüarıyla haqq savaşına qatılaraq şəhidlik  zirvəsinə ucalan qəhrəman igidlərimizdən biri olan İmaməddin Muxtar oğlu Hümbətovun ad günüdür. Bu münasibətlə Babək rayon Payız kəndində şəhidin məzarı ziyarət olunub. 

Əvvəlcə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra dovlət Himni oxunub. Şəhidin məzarına tər çiçəklər düzülüb, ruhuna dua edilib. 

Tədbirdə Babək Rayon İcra Hakimiyyəti başçısının müavini Səbinə Abbasova, Ali Məclisin deputatı Üzeyir Məmmədov, digər idarə təşkilatların nümayəndələri, N saylı hərbi hissənin əsgər zabit heyəti, polis əməkdaşları, şəhid ailələri qazilər və ictimayət nümayəndələri  iştirak edib. 

Tədbirdə çıxış edənlər birinci və ikinci Qarabağ müharibəsi dövründə, Günnüt, antiterror və qisas əməliyyatlarında qəhrəmanlıq göstərmiş Azərbaycan əsgərinin xidmətlərindən danışıblar. 

Sonra Şəhid İmaməddinin döyüş yoldaşı İsa Yavərsoylu cəsur döyüşçü ilə keçirdikləri döyüş yolundan, şəhidin göstərdiyi qəhrəmanlığından  bəhs edib. Məktəblilər vətənpərvərlik mövzusunda qələmə alınmış və şəhid İmaməddinə həsr edilmiş şeirlər səsləndiriblər. 

Şəhidin valideyinləri gələn qonaqlara öz minnətdarlıqlarını bildiriblər. Daha sonra kənd mərasim evində ehsan süfrəsi açılıb. 

İmaməddin 5 sentyabr 1998-ci ildə Babək rayonu, Payız kəndində anadan olub. Orta təhsilini 2005-ci ildə Payız kənd tam orta məktəbində almağa başlayıb. Təhsilini başa vurduqdan sonra 2016-cı iin oktyabr ayında Vətən borcunu yerinə yetirməyə yollanıb. Hərbi xidmətini bitirdikdən sonra Xüsusi Təyinatlı Qüvvələrin çavuşu kimi Vətənə xidmət edib. 

İmaməddin 44 günlük Vətən müharibəsində Hadrutun işğaldan azad edilməsindən sonra Şuşaya doğru irəliləyərək kənd və şəhərlərin azad edilməsində iştirak edib. O, Suşaya gedən yolun açılmasında fədakarlıq edən qəhrəmanlarımızdan olub. 

İmaməddinin son döyüşü oktyabr ayının 19 da oldu. Döyüşlərdə kəşfiyyatçı-tuşlayıcı olaraq fərqlənən İmaməddin Hümbətov  Azıx mağarasının da yerləşdiyi Xocavənd rayonunun Azıx kəndində əməliyyatlar zamanı döyüş tapşırığını yerinə yetirərkən şəhid olub. Oktyabr ayının Babək rayon Payız kəndində torpağa tapşırılıb.

Azərbaycan Ordusunun Xüsusi Təyinatlı Qüvvələrinin çavuşu olan  işğalda olan torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə vuruşan, ölkəmizin  ərazi bütövlüyünün təmin edilməsi əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq Sərəncamına əsasən, İmaməddin Hümbətov ölümündən sonra "Vətən uğrunda",  "Şuşanın azad olunmasına görə", "Hərbi xidmətlərə görə" medalları və 3-cü dərəcəli "Vətənə xidmətə görə " ordeni ilə təltif edilib. 

Bəxtiyar ƏLİYEV, 
Naxçıvan Şəhid Ailələri İctimai Birliyinin mətbuat katibi,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü