“AZCON Holding”in şirkətlərindən olan “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) sifarişi ilə Bakı Gəmiqayırma Zavodunda (BGZ) inşa edilən yeni nəsil Ro-Pax tipli gəmi-bərənin tikintisi işlərinin 70 faizi tamamlanıb.
ASCO-dan Herbiand.az-a bildirilib ki, artıq gəminin gövdə və mühəndislik işlərinin 99 faizi yerinə yetirilib.
Satınalma və təchizat prosesində 94 faizlik irəliləyiş qeydə alınıb. Paralel olaraq elektrikquraşdırma işləri, mexanizmlərin montajı, izolyasiya və yaşayış sahələrinin inşası həyata keçirilir. ASCO donanmasında bu tipdən sayca üçüncü olacaq Ro-Pax tipli gəmi-bərənin istismara verilməsi Xəzərdə, eləcə də Orta Dəhliz boyunca artan yük və sərnişin axınlarının fasiləsizliyinə, daşımaların davamlılığına mühüm töhfə verəcək.
Əvvəlki eynitipli gəmilərlə müqayisədə bu layihədə konstruktiv və funksional yeniliklər tətbiq edilir. Gəmidə təsərrüfat təyinatlı 3 tonluq kran quraşdırılacaq, həmçinin sıxılmış hava sistemi üçün əlavə saxlanc çənləri yerləşdiriləcək. Bərədə soyuducu konteynerlər üçün ayrıca elektrik qidalanma sisteminin və kargo bölməsində təhlükəli qazların aşkarlanmasını təmin edən infrastrukturun qurulması nəzərdə tutulur.
Bundan başqa, köpüklü yanğınsöndürmə sistemi üzrə əlavə tuşlayıcı avadanlıq, iki siyirtmə qapısı, bir metal qapı və bir əlavə qapaq da gəminin konstruksiyasına daxil ediləcək. Bərədə dəmiryolu xətlərinin avtomatik keçirilmə sistemi tətbiq ediləcək, yük platforması üzərində yeni tormozlama sistemi quraşdırılacaq.
Baş mühərrik otağında da yeniliklər olacaq. Bu bölmədə əlavə soyutma sistemi inteqrasiya ediləcək, həmçinin iki servis qapağı və iki xidməti kran yerləşdiriləcək. Layihə enerji səmərəliliyi prinsipləri və ətraf mühitə minimal təsir tələbləri əsasında həyata keçirilir.