Advertisment

Milli qəhrəmanımızın davamçısı

27 sentyabr 2025-ci il tarixində respublikamızda 2-ci Qarabağ müharibəsinin ildönümü qeyd edildi. Artıq ordumuzun düşmən üzərində möhtəşəm qələbəsindən beş il ötdü. Bu parlaq qələbə ilə ölkəmizin Silahlı Qüvvələri 30 ilə yaxın idi ki, xalqımızın əsrlər boyu düşməni olan erməni daşnaklarının tapdağından doğma torpaqlarımızı azad etdi. 1994-cü ildən 2020-ci ilin sentyabr ayınadək Azərbaycan xalqı məğlub durumda yaşamalı oldu. Doğma ata-baba torpaqlarımızın 20 faizdən çoxu düşmən tapdağı altına düşdü, bir milyona yaxın qaçqınımız müxtəlif rayon və şəhərlərdə, qaçqın düşərgələrində yerləşərək əziyyətli bir həyat yaşamağa məhkum oldu. Düşmənlə qanlı döyüşlərdə Vətən uğrunda canlarından keçən 12 minə yaxın şəhidimiz, müharibə vaxtı minlərlə itkin düşmüş soydaşımız, erməni faşistlərinin əlinə düşən və işgəncələrə məruz qalaraq həyatlarını itirən əsirlərimiz və nəhayət, ölkəmizin iqtisadiyyatına vurulmuş böyük məbləğdə olan itkilər.

Bu ağrılı-acılı itkilərə və illər ərzində çıxış yolları tapılmayan münaqişəyə xalqımız dözməyə məc­bur olub. Lakin 27 sentyabr 2020-ci ildən etibarən, doğma yurdumuzda tarixi günlər yazılmağa başlandı. Bu haqq savaşı günlərini içində döyüş ruhu olan mərd xalqımız böyük intiqam his­si i­lə 26 il gözləyirdi. Sentyabr ayının sonlarında başlayan Vətən müharibəsi noyabrın 10-da Azərbaycan Ordusunun möhtəşəm qələbəsi, Ermənistan ordusunun darmadağın olunması və düşmən ölkənin rəhbərliyinin atəşkəs bəyanatının imzalaması ilə başa çatdı.

Bu tarixi və şanlı qələbə sevincini xalqımıza yaşadan, müharibədə qələbəmizi təmin edən, şəhidlərimizin qisasını alan, müharibə iştirakçılarından biri, Hərbi Hava Qüvvələrimizin zabiti mayor Elnur Vəliyar oğlu Əliyev haqda söz açmaq istəyirik.

Öncə onu da vurğulamaq istəyirəm ki, Elnur Əliyev 1-ci Qarabağ müharibəsində doğ­ma torpaqlarımız uğrunda 1992-ci ilin payızında öz döyüşçüləri ilə birlikdə, yüzlərlə düş­mən əsgərini məhv edərək, işğalda olan Laçının 40-a qədər kəndini 4 gün ərzində er­məni faşistlərindən azad edərək şəhidlik zirvəsinə ucalmış Azərbaycan Res­pub­li­ka­sı­nın Milli Qəhrəmanı tabor komandiri Əliyar Əliyevin qardaşı oğludur.

Əslən Qubadlı rayonu Qəzyan kəndindən olan Elnur Vəliyar oğlu Əliyev 9 iyul 1989-cu ildə Bakı şəhərində dünyaya göz açıb. 1996-cı ildə Bakının Binəqədi royonunda yerləşən, məşhur artilleriya generalı Əliağa Şıxlinski adına 135 saylı orta məktəbin 1-ci sinfinə gedib. Orta məktəbdə oxuduğu zaman sinif yoldaşları arasında fəallığı ilə seçilən və dəqiq elm fənlərindən yaxşı qiymətlər alan Elnur 2006-cı ildə 11-ci sinifi bitirərək ilk təhsil ocağını başa vurur.

Orta məktəbi bitirdikdən sonra Elnur qəhrəman əmisinin yolunu davam etdirməyi qərara alır. Vətən torpaqlarını qorumaq üçün hərbçi peşəsini seçir və Azərbaycan Ali Hərbi Məktəbinə (AAHM) daxil olur.

E.Əliyev Ali Hərbi Məktəbin ilk 2 kursunu Ümumqoşun fakültəsində təhsil alır, sonra məktəbin rəhbərliyi Elnurun bilik və bacarığını nəzərə alaraq onu Radioelektron mübarizə (REM) ixtisasına keçirir. Növbəti 2 il də bu ixtisasın sirlərinə yiyələnən Elnur məktəbin komandir və müəllimləri arasında hörmət qazanaraq qabaqcıl kursantlardan biri olur. 

Nəhayət, 4 il kursant həyatı arxada qalır. Elnur Əliyev 2010-cu ildə dövlət imtahanlarını uğurla başa vuraraq leytenant rütbəsinə layiq görülür. Gənc zabit Ali Hərbi Məktəbi bitirdikdən sonra, ümumi qaydada Təlim və Tədris Mərkəzinə (TTM) zabit təkmilləşdirmə kursuna göndərilir. Həmin kursda gənc zabitlər qoşunlara göndərilməmişdən öncə, 1 il ərzində hərbi təhsilini bu mərkəzdə davam etdirir və kursu bitirdikdən sonra, müxtəlif hərbi hissələrə təyinat alırlar.

Leytenant Elnur Əliyev 2011-ci ildə TTM-in təkmilləşdirmə kursunu bitirdikdən  sonra, Tər­tər rayonu Köçərli kəndində yerləşən “N” saylı hərbi hissəsində Stansiya rəisi vəzifəsində xidmətə başlayır.  Elnur Ali Hərbi Məktəbdə qazandığı bilikləri xidmətə başladığı hərbi hissədə nümayiş etdirir. Qısa zamanda o öz düzgünlüyü və çalışqanlığı ilə zabit və əsgərlərin hörmətini qazana bilir. Gənc zabit iki il ərzində bu vazifədə çalışır. 2013-cü ildə komandanlıq Elnur Əliyevi Bakı şəhərində yerləşən “N” saylı hərbi hissədə Əməliyyat növbətçisinin istiqamət üzrə zabiti vəzifəsinə təyin edir. Baş leytenant rütbəsində xidmətini davam etdirən Elnur 4 il ərzində bu məsul vəzifədə qulluq edir.

Öz üzərində daim çalışan kapitan E.Əliyev 2016-cı ilin əvvəlində Təlim və Tədris Mərkəzində zabitlər üçün keçirilən ingilis dili kursuna daxil olur və altı ay ərzində bu xarici dilə yiyələnərək həmin kursu müvəffəqiyyətlə bitirir. 

2017-ci ildə kapitan rütbəsinə layiq görülən Elnur Hərbi Hava Qüvvələrinin Ağcabədi rayonu Hindarx kəndində yerləşən hərbi hissəsində Radioelektron Mübarizə (REM) bölüyünün komandiri vəzifəsinə təyinat alır. Yeni vəzifədə özünü qabaqcıl zabit kimi göstərən kapitan E.Əliyev komandanlığın etibarını doğruldur. İki il bu hissədə xidmət edən Elnur tabeliyində olan şəxsi heyətin qayğısına qalır və onların bilik və bacarıqlarının artırılması istiqamətində əlindən gələni əsirgəmir. 2019-cu ildən 2020-ci ilə qədər Elnur Ağdamın Quzanlı qəsəbəsində də xidmət edib.

27 sentyabr 2020-ci il səhər saatlarındaErmənistan silahlı qüvvələrinin genişmiqyaslı təx­ribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və ya­­şayış məntəqələrini iriçaplı silahlar, minaatanlar və müxtəlif çap­lı artilleriya qurğularından intensiv atəşə tutması nəticəsində, Ermənistan ordusunun döyüş aktivliyinin qar­şı­sı­nı almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan Ordusunun ko­mandanlığı tərəfindən qoşunların bütün cəbhə boyu sürətli əks-hücum əməliyyatı baş­la­ması barədə qərar verilir. Qarşıdurmalar nəticəsində Ermənistanda hərbi vəziyyət və ümumi səfərbərlik, Azərbaycanda isə hərbi vəziyyət və komendant saatı, 28 sent­yabr­da qismən səfərbərlik elan edilir.  Beləliklə, İkinci Qarabağ müharibəsi başlanır.

Vətən müharibəsi başladığı zaman kapitan Elnur Əliyevin rəhbərlik etdiyi bölük Silahlı Qüvvələrimizin hava hücum vasitələrinin düşmən mövqelərinin dərinliklərinə irəliləməsində aktiv rol oynayaraq, onların uçuşlarının təhlükəsizliyinin təmin edilməsini, həmçinin düşmənin pilotsuz uçuş aparatlarına (PUA) qarşı fəaliyyət göstərərək qarşıya qoyulmuş döyüş tapşırıqlarını uğurla yerinə yetirib.

Döyüşlər vaxtı kapitan E.Əliyevin bölməsinin əsas vəzifəsi – düşmənin PUA-na qarşı kəşfiyyat aparmaq və həmin uçuş aparatlarının səmamızda uça bilməməsi üçün müxtəlif maneələr tətbiq etməkdən ibarət olub. Bölmə bu vəzifənin öhdəsindən layiqincə gəlib. Düşmənlə gedən bu amansız savaş zamanı Elnurun bölməsi düşmənin pilotsuz uçuş aparatını məhv edib. Bundan əlavə komandanlıq tərəfindən qoyulmuş döyüş tapşırığına əsasən, işğaldan azad olunan Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı və Laçın rayonlarının hava məkanının qorunmasında iştirak edib.

Mayor Elnur Əliyevlə söhbət zamanı müharibə dövründə onun rəhbər olduğu bölmənin qabaqcıl heyəti ilə maraqlandıq. O, bir neçə hərbi qulluqçunu – stansiya rəisi gizir Ələkbərov Röyal Yaqub oğlu, stansiyanın növbə rəisi gizir Əliyev Ceyhun Ədalət oğlu, stansiyanın operatoru MAHHXHQ kiçik çavuş Tağızadə Teymur Məhəmməd oğlu və  sürücü MAHHXHQ əsgər Eyvazov Rövşən Nəbi oğlunu vurğulamışdır.

44 günlük 2-ci Qarabağ müharibəsində uğurlu əməliyyatlara və göstərdiyi xidmətə görə, Elnur Əliyevə komandanlıq tərəfindən “Vətən müharibəsi iştirakçısı” medalı, “Vətən uğrunda” medalı, “Füzulinin azad olunmasına görə” medalı, “Ağdamın azad olunmasına görə” medalı, “Qubadlının azad olunmasına görə” medalı, “Hərbi xidmətdə fərqlənməyə görə” medalı və bir çox fəxri fərmanlar təqdim olunub.               

Vətən müharibəsi Ordumuzun şanlı qələbəsilə bitəndən sonra, kapitan Elnur Əliyev xidmətini Qubadlı rayonu Xanlıq yaşayış məntəqəsinə davam etdirib. Bu yaşayış məntəqəsi Elnurun valideynlərinin vaxtı ilə yaşadığı və düşmənin işğalından sonra məcburiyyətdən tərk etdiyi Qəzyan kəndinə yaxındır. Beləliklə Elnur illər sonra, dədə-baba yurduna qayıdaraq, doğma torpaqlarımızı qorumağa başlayır.

2021-ci ildə Elnur mayor hərbi rütbəsi alır və 2022-2024-cü illərdə tabor komandiri vəzifəsində xidmət edib. Onun rəhbərlik etdiyi taborun bölmələri yurdumuzun bir neçə rayonunda yerləşirdi.

2024-cü ildə Hərbi Hava Qüvvələrində yeni hərbi hissə yaradılır və mayor E.Əliyev həmin hissənin qərargah rəisi vəzifəsinə təyin olunub və iki ilə yaxın həmin hissənin komandiri vəzifəsinin icrasını yerinə yeririb. Hazırda mayor Elnur Əliyev sözügedən hərbi hissənin qərargah rəisi vəzifəsində Vətənə xidmətini davam etdirir.   

Azərbaycan Ordusunda mayor Elnur Əliyev kimi zabitlərimiz az deyil, bizim xalqımız belə hərbçilərimizlə fəxr edir, Vətəni sevən və hər an doğma torpaqlarının müdafiəsi yolunda canlarından keçməyə hazır olan bu cür Azərbaycan oğulları hər an düşmənə yerini göstərmək iqtidarındadırlar.  

 

İsmayıl ABDULLAYEV

E. o. zabit