Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SNXÇDX) rəisi general-mayor Mürsəl İbrahimov fevralın 20-də Xırdalanda yerləşən Heydər Əliyev Mərkəzində Sumqayıt, Abşeron, Xızı, Cəbrayıl, Qubadlı, Şuşa və Zəngilan şəhər və rayonlarından olan vətəndaşların müraciətlərini dinləyib.
Dövlət Xidmətindən Herbiand.az-a verilən məlumata görə, əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsi ziyarət edilərək önünə gül dəstəsi qoyulub, əziz xatirəsi ehtiramla yad edilib.
Həmin gün 4 şəhid ailəsi və 1 müharibə iştirakçısı olmaqla 26 vətəndaşın müraciəti dinlənilib. Vətəndaşlar Dövlət Xidmətində həqiqi hərbi xidmətə və ya işə qəbul, övladlarının gələcək müddətli həqiqi hərbi xidmət yerinin müəyyənləşdirilməsi və s. məsələlərlə bağlı müraciət ediblər.
Xidmət rəisi hər bir vətəndaşın müraciətini dinləyib, qaldırılan məsələlərin hərtərəfli öyrənilməsi və qanunvericiliyin tələblərinə uyğun qısa müddətdə həll edilməsi üçün müvafiq tapşırıqlar verib.
Vətəndaşların müraciətlərinin bir qismi yerindəcə həllini tapıb, bəzi məsələlər isə araşdırılması üçün nəzarətə götürülüb. Dövlət Xidmətinin səlahiyyətlərinə aid olmayan müraciətlər aidiyyəti qurumlara yönəldilib.