Xarici turistləri daşıyan avtomobil Rusiyanın İrkutsk vilayətində, Baykal gölü üzərində buzun altına düşüb, ilkin məlumata görə, nəticədə səkkiz nəfər ölüb.
Herbiand.az xəbər verir ki, hadisə Xoboy burnu yaxınlığında baş verib. Turistlər UAZ markalı avtomobillə ekskursiyaya çıxıblar, lakin sürücü buzda olan çatı hiss etməyib və nəticədə avtomobil batıb. Nəqliyyat vasitəsində 9 nəfər olub, onlardan biri xilas ola bilib.
İlkin məlumatlara görə, ölənlər arasında yerli sürücü və Çinin yeddi vətəndaşı var. İrkutsk vilayətinin qubernatoru İqor Kobzev müstəntiqlərin cinayət işi açdığını bildirib. Regional hakimiyyət orqanlarının məlumatına görə, turistlərin bir neçəsi regiona müstəqil şəkildə gəlib. Hazırda səfərin təşkili ilə bağlı hallar araşdırılır.