Advertisment

Ukrayna hərbi kəşfiyyatı: Rusiya hələ də kifayət qədər raket ehtiyatına malikdir

Ukrayna hərbi kəşfiyyatı belə qənaətə gəlib ki, Rusiya hələ uzun müddət raket zərbələri həyata keçirə bilər, çünki bu silahlardan kifayət qədər ehtiyata malikdir, Rusiya sənayesi isə Silahlı Qüvvələri lazımi sayda raketlə təmin edə bilər.

Herbiand.az bildirir ki, Ukrayna Müdafiə Nazirliyinin baş kəşfiyyat idarəsi Rusiyanın raket ehtiyatları ilə bağlı öz qiymətləndirmələrini dərc edib. Məlumatlar aprelin ortalarına olan vəziyyətə əsasən açıqlanıb, lakin onların etibarlılığı təsdiqlənməyib.

Bu qiymətləndirmələrə görə, aprelin ortalarına olan məlumata görə, Rusiya Silahlı Qüvvələri 2600-ə qədər X-29, X-31, X-35, X-58 və X-59 tipli idarə olunan hava-hava raketlərinə sahib idi. Bundan əlavə, Ukrayna kəşfiyyatı 690-a qədər “Oniks” qanadlı raketi, 460-a qədər “Kalibr” raketi, S-300PM və S-400 hava hücumundan müdafiə sistemləri üçün 450-yə qədər RM-48U raketi, 350-yə qədər X-22 və X-32 qanadlı raketi və 230-a qədər “Tsirkon” hipersəs gəmi əleyhinə raketi hesablayıb.

Baş Kəşfiyyat İdarəsinin məlumatına görə, Rusiya həmçinin “İsgəndər-M” üçün 200 ballistik raketə, “İsgəndər-K” üçün 110 qanadlı raketə, 120 X-101 qanadlı raketə, 100 “Kinjal” hipersəs aeroballistik raketə, 50-yə qədər Şimali Koreyanın KN-23 ballistik raketinə, 25 ədəd X-69 idarə olunan raketə və ən son “Oreşnik” hipersəs raket sistemi üçün 10-a qədər orta mənzilli ballistik raketə malikdir.

Bundan əlavə, Ukrayna kəşfiyyatı Rusiya hərbi-sənaye kompleksinin istehsal imkanlarını da qiymətləndirib. Onların məlumatlarına görə, Rusiya sənayesi ayda 70-ə qədər X-101 raketi, 60-a qədər “İskander-M” raketi, 50-yə qədər X-29, X-31, X-35, X-58 və X-59 idarə olunan hava-hava raketi, 40-a qədər RM-48U raketi, 25-ə qədər “Kalibr” raketi, təxminən 20 ədəd X-35 raketi, 10-a qədər “İskander-K” raketi, 10-a qədər “Kinjal” raketi, 8-ə qədər X-32 raketi, 5 “Oniks”, 5 X-69 raketi və 3-ə qədər “Tsirkon” raketi istehsal etmək gücünə malikdir.

Ukrayna Baş Qərargahının məlumatına görə, xüsusi hərbi əməliyyat başlayandan bu yana Rusiya Ukrayna ərazisinə müxtəlif tipli 13.300-dən çox raket atıb.

Bəxtiyar CƏFƏRLİ