Advertisment

Abşeron Tullantı Hövzəsində bir poliqon və dörd ötürücü məntəqənin tikilməsi planlaşdırılır

Abşeron Tullantı Hövzəsində bir poliqon və dörd ötürücü məntəqənin tikilməsi planlaşdırılır.

 

Herbiand.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin Xarici maliyyə institutları və investisiya fondları ilə iş üzrə departamentində Beynəlxalq investisiya fondları və donorlarla əməkdaşlıq şöbəsinin müdiri Günel Quliyeva WUF13 çərçivəsində Azərbaycan pavilyonunda keçirilən “Plastik çirklənməsi ilə mübarizə: yaşayış üçün əlverişli şəhərlərin və dairəvi iqtisadiyyatın təşviqi” adlı tədbirdə deyib.

 

O bildirib ki, İqtisadiyyat Nazirliyinin Dünya Bankı ilə birgə əməkdaşlığı çərçivəsində müxtəlif işlər görülür:

 

“Layihə çərçivəsində çirklənmiş ərazilərin təmizlənməsi istiqamətində addımlar atılacaq. Abşeron tullantı hövzəsi üzrə Abşeronda bir poliqon, Xızı və Şamaxı ərazilərində isə dörd ötürücü məntəqənin tikintisi planlaşdırılır. Layihənin növbəti mərhələlərində əlavə ötürücü məntəqələrin tikintisi də nəzərdə tutulur.

 

Bu istiqamətdə əsas məqsədlərdən biri beynəlxalq təcrübənin tətbiqi və müasir standartların poliqon tikintisində istifadə edilməsidir. Biz bu layihələr üzərində məsuliyyətlə çalışırıq və düşünürük ki, növbəti mərhələlərdə regionlarda poliqonların və transfer mərkəzlərinin tikintisi nəticəsində, artan əhali yükü nəzərə alınaraq Abşeron ərazisində məişət tullantılarının idarə olunmasında daha yaxşı nəticələr əldə ediləcək,” – deyə o qeyd edib.