Azərbaycan Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi “yaşıl” tikinti təcrübələrinin təşviqi və tikinti standartlarının sərtləşdirilməsi istiqamətində fəal işləyir.
Herbiand.az xəbər verir ki, bunu WUF13 çərçivəsində Birləşmiş Millətlər Təşkilatının Sənaye İnkişafı Təşkilatının təşkilatçılığı ilə keçirilən "Şəhər–Sənaye–İqlim Əlaqəsi Kontekstində Mənzil və Binaların Dekarbonizasiyası" adlı tədbirdə İqtisadi Əməkdaşlıq Təşkilatı Təmiz Enerji Mərkəzinin icraçı direktoru Aysel Yaqubova deyib.
O bildirib ki, yeni yaşayış və ictimai binalarda təbii qazdan istilik məqsədilə yüksək asılılığın azaldılması üçün daha yaxşı izolyasiya və sayğac sistemlərinin tətbiqi məcburidir: “Digər ölkə nümunələrində də bunu görə bilərik. Ölkələr bu tədbirləri yerli səviyyədə həyata keçirsə də, İqtisadi Əməkdaşlıq Təşkilatının Təmiz Enerji Mərkəzi (CECECO) kimi regional dayanıqlı enerji mərkəzləri qlobal ambisiyalarla yerli tətbiq reallıqları arasında körpü rolunu oynamaq üçün unikal mövqedədir”.
O bu sahədə maliyyələşmə problemlərindən də danışıb: “Bu, ən davamlı maneələrdən biridir. Bir çox enerji səmərəliliyi tədbirləri uzunmüddətli qənaət təmin etsə də, böyük ilkin investisiyalar tələb edir. İnvestorlar üçün cəlbedici və maliyyələşdirilə bilən layihələrin hazırlanması həm inkişaf etdiricilər, həm də yerli hakimiyyət orqanları üçün çətinlik yaradır. Digər mühüm problem isə bir çox regionlarda potensial çatışmazlığıdır.
Regional dayanıqlı enerji mərkəzləri məhz bu boşluqların aradan qaldırılmasına töhfə verə bilər. CECECO siyasət mübadiləsi, texniki dəstək və potensialın artırılması vasitəsilə ölkələrə yardım göstərə bilər. Regional platformalar həmçinin genişmiqyaslı tətbiq oluna bilən həlləri müəyyənləşdirməyə, maraqlı tərəfləri inkişaf tərəfdaşları və maliyyə institutları ilə əlaqələndirməyə və dayanıqlı maliyyə mexanizmlərinə çıxışı asanlaşdırmağa kömək edə bilər. Ən vacibi isə, onlar investisiya üçün hazır layihələr portfelinin formalaşdırılmasına kömək edə bilər. Çünki maliyyə yalnız ideyalara deyil, yaxşı strukturlaşdırılmış, texniki cəhətdən əsaslandırılmış və təkrarlana bilən təşəbbüslərə yönəlir. Nəticə etibarilə, aşağı karbonlu binalara keçid bir texnologiya və ya bir institut vasitəsilə həyata keçirilə bilməz. Bu keçid siyasəti, innovasiyanı, maliyyəni və regional əməkdaşlığı birləşdirən inteqrə olunmuş yanaşmalar tələb edir”.