22 may tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə BMT-nin Ticarət və İnkişaf üzrə Konfransının (UNCTAD) Baş katibi Rebeka Qrinspan arasında görüş keçirilib.
XİN-dən Herbiand.az -a verilən xəbərə görə, görüş zamanı Azərbaycan ilə UNCTAD arasında əməkdaşlığın mövcud vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub.
Tərəflər dayanıqlı inkişaf, beynəlxalq ticarət, investisiyaların təşviqi, rəqəmsal transformasiya, yaşıl iqtisadiyyat və inkişaf etməkdə olan ölkələrin qlobal iqtisadi proseslərə inteqrasiyası sahələrində əməkdaşlıq imkanları ətrafında fikir mübadiləsi aparıblar.
Nazir Ceyhun Bayramov Azərbaycanın çoxtərəfli əməkdaşlığa verdiyi önəmi vurğulayaraq, ölkəmizin regional bağlantılar, nəqliyyat-logistika imkanları, enerji təhlükəsizliyi və iqlim gündəliyi istiqamətində həyata keçirdiyi təşəbbüslər barədə məlumat verib.
Rebeka Qrinspan UNCTAD ilə Azərbaycan arasında əməkdaşlığın inkişafından məmnunluğunu ifadə edib, Azərbaycanın regional iqtisadi əməkdaşlıq və bağlantı layihələrində artan rolunu yüksək qiymətləndirib. O, UNCTAD çərçivəsində ticarət və inkişaf sahələrində birgə layihələrin genişləndirilməsinin əhəmiyyətini vurğulayıb.
Görüşdə post-münaqişə dövründə Azərbaycan-Ermənistan normallaşma prosesi, işğaldan azad edilmiş ərazilərimizdə bərpa və quculuq işləri, habelə, Yaxın Şərqdə vəziyyət və mövcud gərginliyin qlobal iqtisadiyyata və ticarətə təsirləri müzakirə olunub.
Görüş zamanı qarşılıqlı maraq doğuran digər regional və beynəlxalq məsələlər də müzakirə edilib.