Advertisment

Bakı öz mövqeyini hər hansı xarici təsirdən asılı olmayaraq müəyyənləşdirir - Rəy

Azərbaycan-Rusiya münasibətlərində son aylarda müşahidə olunan gərginlik yeni diplomatik mərhələyə qədəm qoyub. Rusiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Mixail Yevdokimovun Xarici İşlər Nazirliyinə çağırılması rəsmi Bakının Rusiya media məkanında Azərbaycan, Azərbaycan xalqı və dövlət rəhbərliyi əleyhinə səsləndirilən təhqir, təhdid və zorakılıq çağırışlarına münasibətdə sərt mövqeyinin növbəti göstəricisi kimi qiymətləndirilir. Azərbaycan Xarici İşlər Nazirliyi bu cür çıxışları qəbuledilməz hesab etməklə yanaşı, onların qarşısının alınması üçün təxirəsalınmaz tədbirlərin görülməsini tələb edib.

 

Eyni zamanda, Azərbaycan Baş Prokurorluğunun bəzi Rusiya vətəndaşları barəsində terrorçuluğa açıq çağırışlar, konstitusiya quruluşunun zorla dəyişdirilməsinə təhrik və milli nifrətin qızışdırılması ittihamları ilə beynəlxalq axtarış mexanizmlərini işə salması məsələnin hüquqi müstəviyə keçdiyini göstərir. Bu proseslər fonunda Bakı-Moskva münasibətlərində hansı yeni tendensiyaların formalaşdığı və tərəflərin qarşıdakı mərhələdə hansı mövqedən çıxış edəcəyi diqqət mərkəzindədir.

 

Məsələ ilə bağlıHafta.az-a açıqlama verən hərbi ekspert Emin Həsənli Azərbaycanın xarici siyasətində əsas meyarın milli və dövlət maraqları olduğunu vurğulayıb.

 

Ekspert qeyd edir ki, Azərbaycan artıq uzun müddətdir müstəqil xarici siyasət yürüdür və bunu müxtəlif istiqamətlərdəki münasibətlərində aydın şəkildə nümayiş etdirir.

 

"ABŞ, Avropa, İran və Rusiya ilə əlaqələrdə Bakı öz mövqeyini hər hansı xarici təsirdən asılı olmayaraq müəyyənləşdirir. Azərbaycan dövləti hər zaman milli maraqlar, dövlət maraqları mövqeyindən çıxış edərək addımlar atır. İstər Amerika, Avropa, İranla, istərsə də Rusiya ilə münasibətlərdə bunu aydın şəkildə görmək mümkündür”, – deyə Emin Həsənli bildirib.

 

Hərbi ekspert hesab edir ki, müasir dövlətlərarası münasibətlərdə köhnə siyasi yanaşmaların qorunub saxlanılması qəbuledilməzdir. Onun sözlərinə görə, bəzi dairələr hələ də 20-ci əsrin, xüsusilə 1990-cı illərin yanaşmaları ilə hərəkət etməyə çalışırlar:

 

“Qarşı tərəfdə hələ də 20-ci əsrin, hətta 1990-cı illərin yanaşmaları ilə hərəkət edənlər var. Halbuki müasir dövrdə beynəlxalq hüquq və dövlətlərarası münasibətlər tamam başqa prinsiplər üzərində qurulmalıdır. Rusiya, Avropa və digər dövlətlərlə münasibətlərdə də bu yanaşma nəzərə alınmalıdır. Dövlətlərarası münasibətlərin əsasını qarşılıqlı hörmət, suverenliyə və milli maraqlara ehtiram, eləcə də normal qonşuluq prinsipləri təşkil etməlidir. Azərbaycan da öz xarici siyasətində məhz bu prinsipləri əsas götürür. Dövlətlərarası münasibətlərdə zaman-zaman müxtəlif səbəblərdən gərginliklərin yaranması mümkündür. Lakin əsas məsələ belə vəziyyətlərdən sonra tərəflərin münasibətləri hansı istiqamətdə inkişaf etdirməsidir. Azərbaycan tərəfi məhz bu prinsiplərdən çıxış edir. Əlbəttə, zaman-zaman müəyyən səbəblərdən münasibətlərdə problemlər və gərginliklər yarana bilər. Lakin Azərbaycan sonrakı mərhələdə həmin münasibətlərin normallaşdırılması və inkişaf etdirilməsi istiqamətində konkret addımlar atır. Ekspertin sözlərinə görə, Azərbaycan-Rusiya münasibətlərində də müxtəlif dövrlərdə müəyyən çətinliklər yaşansa da, Bakı əlaqələrin qorunmasına və inkişaf etdirilməsinə çalışıb. Eyni yanaşma Azərbaycanın Avropa və digər tərəfdaşlarla münasibətlərində də müşahidə olunur".

 

Emin Həsənli hesab edir ki, Azərbaycanın xarici siyasətinin əsas xüsusiyyətlərindən biri bütün tərəfdaşlarla münasibətlərdə milli maraqların prioritet götürülməsidir.

 

“Bu, Azərbaycanın müstəqil siyasətinin əsas göstəricilərindən biridir. Azərbaycan heç bir dövlətin təsiri altında hərəkət etmir, öz xarici siyasətini milli maraqlar və dövlət təhlükəsizliyi üzərində qurur. Ölkəmiz bütün tərəfdaşlarla münasibətlərini qarşılıqlı maraq, suverenliyə hörmət və bərabərhüquqlu əməkdaşlıq prinsipləri əsasında inkişaf etdirməyə çalışır”, – deyə ekspert əlavə edib.