Respublika ərazisində, o cümlədən Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən balıqçılıq subyektlərində infeksion və invazion xəstəliklər üzrə epizootoloji vəziyyətin öyrənilməsi, xəstəliklərin erkən aşkarlanması və yayılma risklərinin müəyyənləşdirilməsi məqsədilə monitorinq keçiriləcək.
Bu barədə Herbiand.az-a Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) İnformasiya təminatı və innovativ həllər şöbəsindən məlumat verilib.
Bildirilib ki, oktyabrın 5–9-da keçiriləcək tədbirlər balıqçılıq və akvakultura məhsullarının istehsalı, yetişdirilməsi və dövriyyəsi ilə məşğul olan, həmçinin beynəlxalq ticarətdə iştirak edən və ya belə imkanlara malik 26 təsərrüfatı əhatə edəcək.
Monitorinq çərçivəsində balıqların həssas olduğu xəstəliklər üzrə klinik və epizootoloji müşahidələr aparılacaq, laborator müayinələr üçün diaqnostik nümunələr götürüləcək. Təsərrüfatlarda baytarlıq norma və tələblərinə əməl olunması vəziyyəti də nəzərdən keçiriləcək, sahibkarlıq subyektləri üçün maarifləndirici tədbirlər təşkil olunacaq. Epizootoloji vəziyyətə dair müvafiq məlumatlar təhlil ediləcək.
Tədbirlərdə AQTA-nın və aidiyyəti qurumların mütəxəssisləri iştirak edəcəklər.
Qeyd edək ki, balıq xəstəlikləri üzrə epizootoloji vəziyyətin mütəmadi öyrənilməsi balıqçılıq və akvakultura məhsullarının beynəlxalq ticarəti baxımından mühüm əhəmiyyət daşıyır. Əldə olunan nəticələr Ümumdünya Heyvan Sağlamlığı Təşkilatına təqdim edilən müvafiq hesabatlarda əks olunur.