Yunanıstan hökuməti beynəlxalq enerji qiymətlərinin yüksək qalmasının əhali və iqtisadiyyata təsirini azaltmaq məqsədilə 200 milyon avroyadək yeni dəstək paketi hazırlayır.
Herbiand.az xəbər verir ki, Yunanıstanın “in.gr” nəşrinin məlumatına görə, hökumətin hazırladığı əlavə enerji müdaxiləsi indiyədək görülmüş təxminən 800 milyon avroluq tədbirlərə əlavə edilə bilər. Yeni paketin yekun həcmi isə hələ müəyyənləşdirilməyib.
Afina, eyni zamanda, yanacaq üzrə xüsusi istehlak vergisinin müvəqqəti azaldılması imkanını nəzərdən keçirir. Məsələ Avropa səviyyəsində də müzakirə olunur.
Nəşr yazır ki, hökumətin qərarı beynəlxalq neft qiymətlərinin qarşıdakı həftələrdə hansı istiqamətdə dəyişməsindən asılı olacaq. Qiymətlərdə yeni bahalaşma baş verərsə, daha geniş maliyyə dəstəyinə ehtiyac yarana bilər.
Hökumətin planına əsasən, avtomobil yanacağı ilə bağlı tədbirlərin sentyabrın 30-da, istilik üçün istifadə edilən yanacaqla bağlı qərarların isə oktyabrın 14-də açıqlanması gözlənilir. Prioritetlər sırasında dizel və istilik yanacağının qiymətlərinin aşağı salınması dayanır.