Advertisment

Hərbi təşkilatların nümayəndələri Anım Günündə şəhid məzarlarını ziyarət edib

27 Sentyabr – Anım Günü ilə əlaqədar Hərbi Yönümlü Təşkilatlar İttifaqının üzvləri, qazilər və şəhid ailələrinin nümayəndələri Hərbi Memorial Məzarlığı ziyarət ediblər.

Ziyarət zamanı Vətən müharibəsində Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərin məzarları üzərinə gül dəstələri qoyulub, ruhlarına dualar oxunub.

Tədbirdə şəhidlərin göstərdiyi qəhrəmanlıq və şücaətdən, onların Vətən qarşısındakı misilsiz xidmətlərindən söz açılıb. Hərbi Yönümlü Təşkilatlar İttifaqının və “Qardaşlığımız Əbədidir” QHT Koalisiyasının rəhbəri, Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri Emin Həsənli çıxışında şəhidlərin müqəddəs xatirəsinin daim ehtiramla yad edilməsinin və onların qəhrəmanlığının gələcək nəsillərə çatdırılmasının vacibliyini vurğulayıb.

Qazilər və şəhid ailələrinin nümayəndələri də çıxışlarında Vətən müharibəsində nümayiş etdirilən qəhrəmanlıq salnaməsindən bəhs edib, şəhidlərin xatirəsinə ehtiramlarını bildiriblər. Ziyarət iştirakçıları şəhidlərin əziz xatirəsini dərin ehtiram və minnətdarlıq hissi ilə yad edərək, onların qəhrəmanlığının gələcək nəsillərə örnək olduğunu qeyd ediblər.

Yunis İsrəfilov

Herbiand.az