Xəbər verildiyi kimi Qarabağda Azərbaycan, Türkiyə və Özbəkistan hərbçilərinin iştirakı ilə “Birliyin Gücü -2026” birgə hərbi təlimi başlayıb. Sentyabrın 22-də Xocavənd rayonundakı “Qızılqaya” Təlim Mərkəzində keçirilən açılış mərasimi keçirilib. Təlimin Qarabağda keçirilməsi və üç qardaş ölkənin hərbçilərinin bir araya gəlməsi xüsusi diqqət çəkir. Bəs bu təlimin Azərbaycan və region üçün hərbi-strateji əhəmiyyəti nədən ibarətdir?

Hərbi ekspert Elxan Şıxəliyev Herbiand.az-a açıqlamasında bildirib ki, “Birliyin gücü–2026” birgə hərbi təlimlərinin əhəmiyyətini bir neçə istiqamətdə qiymətləndirmək daha doğru olar.
Ekspertin sözlərinə görə, təlimlər üç ölkənin orduları arasında qarşılıqlı fəaliyyəti gücləndirir, qoşun növlərinin koordinasiyasını, rabitə və idarəetmə mexanizmlərini praktik şəkildə sınaqdan keçirməyə imkan verir.
“Bu təlim Azərbaycan–Türkiyə hərbi əməkdaşlığının Özbəkistan istiqamətində genişlənməsi üçün gözəl nümunədir. Eyni zamanda, üç ölkə arasında müdafiə və təhlükəsizlik sahəsində əlaqələrin institusional xarakter almasının göstəricilərindən biri kimi qiymətləndirilə bilər. Təlim ordular arasında təcrübə mübadiləsi baxımından da mühüm əhəmiyyət daşıyır. Azərbaycan və Türkiyənin müasir döyüş təcrübəsi, Özbəkistanın isə öz hərbi hazırlıq sistemi ilə bağlı təcrübəsi birgə təlimlərdə qarşılıqlı öyrənmə imkanları yaradır”-deyə, o, bildirib.
Ekspert hesab edir ki, “Birliyin gücü-2026” türk dövlətləri arasında təhlükəsizlik əməkdaşlığının praktik tərəfini gücləndirir: “Burada söhbət yalnız siyasi bəyanatlardan deyil, orduların real şəraitdə birlikdə fəaliyyət göstərmək qabiliyyətindən gedir. Təlim regional təhlükəsizlik baxımından da mühüm mesaj xarakteri daşıyır. Bununla yanaşı, təlimin əsas açıq məqsədi hərbi hazırlığın və qarşılıqlı fəaliyyətin inkişafı üçün əsaslı zəmin yaratmaqdır”-deyən, hərbi ekspertin qənaətinə görə, “Birliyin gücü–2026”nın əsas özəlliyi üç ölkə arasında siyasi yaxınlığın hərbi-praktiki əməkdaşlıq səviyyəsində də möhkəmləndirilməsidir. Bu baxımdan, təlim Azərbaycan-Türkiyə-Özbəkistan üçtərəfli müdafiə əməkdaşlığının inkişafında mühüm mərhələ kimi qiymətləndirilə bilər”.
Yunis İsrəfilov