Advertisment

Skandinaviyada Dəmir dövrünə aid qeyri-adi dəfn yerləri tapılıb

Skandinaviyadakı evlərin döşəmələrinin altında və qədim yaşayış məskənlərində tapılan insan qalıqları Dəmir dövrü insanları arasında ölülərə qarşı qeyri-adi münasibəti ortaya qoyur. Bu, Danimarka və Britaniya tədqiqatçılarının gəldiyi nəticədir.

Herbiand.az xəbər verir ki, alimlər Danimarka, Norveç və İsveçdəki 197 arxeoloji sahədən 192 nəfərin qalıqlarını araşdırıblar. Tapıntılar Son Tunc və Erkən Dəmir dövrlərindən, təxminən eramızdan əvvəl 500-cü ildən - Vikinq dövrünün sonuna, təqribən eramızın 1050-ci illərinə qədər olan dövrə aiddir. İnsan sümükləri uzun evlərdə, quyularda, çuxurlarda və ənənəvi dəfn yerlərinin xaricindəki digər məkanlarda tapılıb.

 

Ən qeyri-adi tapıntılardan biri qılınc zərbəsindən ölən kiçik bir oğlanın kəlləsi idi. Onun qalıqları 2000 ildən çox əvvəl Danimarkanın şimalındakı bir evin döşəməsinin altına qoyulmuşdu və insanlar sonradan evdə yaşamağa davam etmişdilər. Tapılan 12 nəfərin qalıqlarında ciddi travma əlamətləri aşkar edilib və alimlərin fikrincə, onlardan azı 8-9-u qəsdən zorakılığa məruz qalıb. Ən azı altı nəfər aldıqları xəsarətlərdən ölüb.

 

Tədqiqatçılar insan qalıqlarının yaşayış məkanlarına yerləşdirilməsinin qəsdən həyata keçirilən ritual təcrübənin bir hissəsi ola biləcəyi ehtimalını irəli sürürlər. Bəzi hallarda bu, edamlar və ya insan qurbanları ilə bağlı ola bilər. Mərhumun sümükləri həmçinin amulet kimi və ya evi müdafiə etmək, əcdadlarla əlaqələri qorumaq üçün istifadə edilmiş ola bilərdi.

Eyni zamanda, arxeoloqlar müəlliflərin zorakılığa həddindən artıq çox diqqət yetirdiyinə inanırlar. Tədqiq olunan qalıqların əksəriyyətində zorakılığın aşkar əlamətləri müşahidə olunmayıb və bəzi zərərlər qəzaların və ya ağır fiziki əməyin nəticəsi ola bilər.

Müxtəlif şərhlərə baxmayaraq, mütəxəssislər tədqiqatın Dəmir dövrü Skandinaviyasında yaşayış yerləri, dəfnlər və ritual məkanları arasında aydın bir bölgü anlayışına meydan oxuduğu ilə razılaşırlar.