Advertisment

Hərbi xidmət gənclər üçün daha cəlbedici ola bilər -Ekspertdən ilginc TƏKLİF

Azərbaycanda hərbi xidmətin gənclər üçün daha cəlbedici və faydalı olması istiqamətində yeni təkliflər var. Hesab edilir ki, hərbi xidmət müddətində gənclərin yalnız hərbi hazırlıq keçməsi ilə kifayətlənməməli, eyni zamanda müxtəlif peşələrə yiyələnməlidir. Bunun gənclərin xidmət müddətini daha səmərəli keçirməsinə və gələcək həyata hazırlaşmasına imkan verəcəyi bildirilir.

Hərbi Yönümlü Təşkilatlar İttifaqı və “Qardaşlığımız Əbədidir” QHT Koalisiyasının rəhbəri, Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri Emin Həsənli Hebriand.az-a açıqlamasında deyib ki, hərbi xidmət müddətində gənclərin yalnız hərbi hazırlıq keçməsi deyil, eyni zamanda müxtəlif peşələrə yiyələnməsi təmin olunmalıdır.

Onun sözlərinə görə, əsgərlərin 1 il və ya 1 il 6 aylıq xidmət müddətini səmərəli keçirməsi üçün peşə hazırlığı proqramları tətbiq edilə bilər:

“Təklif edirəm ki, ali təhsilli hərbi qulluqçulara İKT mühəndisliyi, foto-video montaj, xarici dil və feldşerlik kimi istiqamətlərdə əlavə bilik və bacarıqlar öyrədilsin. Orta təhsilli əsgərlər üçün də əmək bazarında tələbat olan müxtəlif peşələr üzrə kurslar təşkil etmək mümkündür. Belə gənclərə çilingər, elektrik, dəmirçi, rəngsaz, dizayner, qaynaqçı, aşpaz, dülgər və xarrat kimi peşələr öyrədilə bilər. Bu yanaşma hərbi xidmətin gənclər üçün daha cəlbedici və faydalı olmasına imkan verəcək. Hərbi qulluqçular xidmət müddətini başa vurduqdan sonra yalnız hərbi təcrübə ilə deyil, konkret bir peşə ilə də mülki həyata qayıtmalıdırlar. Əsgərlər hərbi xidmət müddətində sürücülük kurslarına cəlb oluna, xidmət başa çatanadək sürücülük vəsiqəsi əldə edə bilərlər. Bu, onların həm xidmət dövründə, həm də sonrakı mülki həyatlarında faydalana biləcəkləri vacib bacarıqlardan biri olacaq. Gənclər hərbi xidmət müddətini səmərəli dəyərləndirməli, həm Vətən qarşısında borcunu yerinə yetirməli, həm də gələcək həyata hazırlaşmalıdır.

Orduda gənclər həm Vətənin müdafiəsində dayanmalı, eyni zamanda mülki həyata və ideoloji çağırışlara da hazırlanmalıdır. Onlar yad təsirlərə, radikal dini yanaşmalara və müxtəlif zərərli ideoloji təsirlərə qarşı ayıq və hazırlıqlı olmalıdırlar”, - deyə o bildirib.

E.Həsənlinin sözlərinə görə, hərbi xidmət zamanı əldə olunan peşə bacarıqları gənclərin sonradan əmək bazarına daha asan inteqrasiyasına kömək edə bilər: “Bu məqsədlə hərbi hissələrdə müvafiq təlim mərkəzlərinin və peşə kurslarının yaradılması nəzərdən keçirilə bilər. Proqramların təşkili zamanı həm dövlət qurumları, həm də peşə təhsili müəssisələri və özəl sektorla əməkdaşlıq etmək mümkündür. Əsgər xidmətini başa vuranda əlində bir sənəti, peşəsi və sertifikatı olarsa, onun mülki həyata adaptasiyası, əmək bazarına daxil olması da daha asan olacaq. Hesab edirəm ki, bu sistem gənclərin gələcək məşğulluğuna töhfə verməklə yanaşı, hərbi xidmətə münasibətin də müsbət istiqamətdə dəyişməsinə səbəb olacaq”.

 

Aydın

Herbiand.az