Qarabağın kənd təsərrüfatı imkanlarının iqtisadiyyata qazandırılması istiqamətində tədbirlər davam etdirilir. Prezidentin Ağdam, Füzuli və Xocavənd rayonlarında xüsusi nümayəndəsi Emin Hüseynovun sözlərinə görə, Ağdam, Əsgəran və Xocalıda 24 min hektardan çox əkinəyararlı torpaq sahibkarların istifadəsini gözləyir. Bəs bu torpaqların iqtisadi dövriyyəyə cəlb olunması və sahibkarların Qarabağa marağının artırılması üçün hansı əlavə addımlar atılmalıdır? İri investorlarla yanaşı, kiçik və orta sahibkarların regionda fəaliyyətə başlaması üçün hansı mexanizmlər daha səmərəli ola bilər? İqtisadçı ekspert Natiq Cəfərli Herbiand.az-a açıqlamasında bildirib ki, Qarabağda kənd təsərrüfatının inkişafı üçün sahibkarların regiona cəlb edilməsi və əlverişli investisiya mühitinin yaradılması vacibdir.

“Qarabağda işğaldan azad olunan ərazilərin iqtisadi potensialının bərpa edilməsi və sahibkarlıq fəaliyyətinin genişləndirilməsi əsas prioritetlərdən biri olaraq qalır. Xüsusilə kənd təsərrüfatı üçün yararlı torpaqların sahibkarların istifadəsinə verilməsi regionda həm yeni investisiyaların cəlb olunmasına, həm də məşğulluğun artırılmasına imkan yarada bilər. Prezidentin Ağdam, Füzuli və Xocavənd rayonlarında xüsusi nümayəndəsi Emin Hüseynovun 5 oktyabr 2026-cı il tarixində Ağdam, Əsgəran və Xocalıda 24 min hektardan çox əkinəyararlı torpağın sahibkarları gözlədiyini bildirməsi də bu potensialın miqyasını göstərir. Bu baxımdan əsas suallardan biri Qarabağa investorların cəlb edilməsi üçün mövcud imkanlarla yanaşı, hansı əlavə güzəşt və stimulların tətbiq edilməsinin daha səmərəli olacağıdır. Eyni zamanda, regionda yalnız iri şirkətlərin deyil, kiçik və orta sahibkarların da dayanıqlı şəkildə fəaliyyətə başlaması üçün hansı biznes modelinin daha effektiv olduğu xüsusi əhəmiyyət daşıyır.
Torpaqların boş qalması və əkilib-becərilməməsi ölkə iqtisadiyyatına ciddi ziyan vurur və əlavə dəyərin yaradılmasında müəyyən problemlərə yol açır”-deyə, o, bildirib.
Ekspertin sözlərinə görə, mövcud vəziyyətdən çıxış üçün ilk növbədə kənd təsərrüfatı torpaqları işləməyi bacaran şəxslərə və böyük fermer təsərrüfatlarına təklif edilməlidir:
"Birinci amil və atılmalı olan ilk addım torpağın işlənməsini bacaranlara təklif olunmasıdır. Ölkənin müxtəlif bölgələrində fəaliyyət göstərən böyük fermer təsərrüfatlarının təcrübəsinə, bacarığına və məhsuldarlığına baxılaraq, torpaq sahələri ilk növbədə onlara təqdim edilməlidir".
N.Cəfərli kənd təsərrüfatı sektorunda vergi güzəştlərinin və subsidiyaların olduğunu xatırladaraq, əsas dəstəyin infrastrukturun qurulmasında vacib olduğunu vurğulayıb:
"Zatən kənd təsərrüfatında vergilər yox dərəcəsindədir və subsidiyalar mövcuddur, bu tərəfdən hər hansı problem görmürəm. Lakin infrastrukturun yaranmasında dövlət mütləq yardım etməlidir. Yəni həmin torpaq sahələrinə elektrik energiyasının, su kanallarının, məhsulların daşınması üçün yolların çəkilməsi təmin olunmalıdır. Bu nöqteyi-nəzərdən dövlətin xüsusi bir yardım proqramı olmalıdır".
Yunis İsrəfilov