Advertisment

"Yağışı günahlandırmaq yox, suyu idarə etmək lazımdır”-Ekoloqdan təkliflər

Yaponiyanın paytaxtı Tokioda günlərdir davam edən intensiv yağışlar müşahidə olunur.

Məlumata görə, Tokioda 34 gün ardıcıl yağış yağıb və bu, 1886-cı ildən bəri qeydə alınan ən uzun yağışlı dövrdür.  “Səma və Eko” Sosial-İqtisadi İnkişafa Yardım İctimai Birliyinin sədri İradə Həsənova Herbiand.az-a açıqlamasında bildirib ki, həmin müddətdə Tokioda sentyabr ayı üzrə yağıntının miqdarı 629 millimetrə çatıb və bu göstərici aylıq normadan təxminən üç dəfə çoxdur. 

Onun sözlərinə görə, bu cür ekstremal hava hadisələri şəhərlərin yağış sularının idarə edilməsi sistemlərini ciddi sınaq qarşısında qoyur.  “Güclü yağış zamanı əsas məsələ yağışın özünü “günahlandırmaq” deyil, şəhərin belə yağıntıya nə dərəcədə hazır olmasıdır.

Tokionun təcrübəsində yağış sularının idarə olunması üçün uzun illər ərzində formalaşdırılmış çoxpilləli infrastruktur mövcuddur.  Tokioda yeraltı tənzimləyici su anbarları və tunellər artıq suyun müvəqqəti toplanmasına, daha sonra isə təhlükəsiz şəkildə uzaqlaşdırılmasına imkan verir. Rəsmi məlumatlara görə, Tokioda çaylar boyunca 28 tənzimləyici su anbarı fəaliyyət göstərir.

Şəhərdə həmçinin yağış sularının torpağa hopmasını artırmaq üçün keçirici örtüklər, yağışsuyu hopdurucu quyular və xəndəklərdən istifadə olunur”-deyə, o, bildirib. 

İradə Həsənova hesab edir ki, Bakı üçün də yağış sularının idarə olunmasına kompleks yanaşma tətbiq edilməlidir.

Onun fikrincə, ilk növbədə yağış kanalizasiya sisteminin gücləndirilməsi, kollektor və drenaj xətlərinin müasir tələblərə uyğunlaşdırılması vacibdir: “Şəhərin aşağı relyefli və suyun toplanmasına meyilli ərazilərində əlavə yağışsuyu toplama hovuzlarının və yeraltı tənzimləyici qurğuların yaradılması nəzərdən keçirilə bilər. Mümkün olan ərazilərdə asfalt və beton örtüklərin azaldılması, su keçirən səthlərin və yaşıllıq sahələrinin artırılması da yağış sularının idarə olunmasına kömək edə bilər.

 Yağış sularının bir hissəsinin toplanaraq texniki məqsədlər üçün təkrar istifadəsi də Bakı üçün alternativ həllərdən biri ola bilər. Biz yağış yağanda fəsadlarla mübarizə aparmaqla kifayətlənməməli, yağışın gələcəyini əvvəlcədən hesablayan və suyu idarə edən şəhər sistemi qurmalıyıq”- deyə ekoloq bildirib.
Onun fikrincə, Tokionun təcrübəsi Bakıya hazır model kimi deyil, iqlim və relyef xüsusiyyətlərimiz nəzərə alınmaqla öyrənilə biləcək mühüm şəhərsalma nümunəsi kimi yanaşmağa imkan verir.

Aydın
Herbiand.az