Advertisment

Zəngəzur dəhlizi ilə bağlı yeni mərhələ: Kompromis necə əldə olunacaq?

Zəngəzur dəhlizinin açılması məsələsi Cənubi Qafqazda geosiyasi gündəmin əsas mövzularından biri olaraq qalır. Dəhlizin reallaşması Azərbaycanı Naxçıvanla birləşdirməklə yanaşı, regionda yeni nəqliyyat marşrutlarının formalaşmasına və iqtisadi əlaqələrin genişlənməsinə imkan yarada bilər. Bununla belə, layihənin gələcəyi ilə bağlı tərəflərin mövqelərində müəyyən fikir ayrılıqları mövcuddur. Bəs dəhlizin gələn il açılması nə dərəcədə realdır, prosesin qarşısında hansı maneələr var və regional aktorlar məsələyə necə yanaşırlar?

Siyasi şərhçi Əziz Əlibəyli Herbiand.az-a açıqlamasında bildirib ki, Zəngəzur dəhlizinin açılması ilə bağlı tərəflərin mövqeləri arasında müəyyən fikir ayrılıqları olsa da, hazırda kompromis variantların tapılması istiqamətində müzakirələr davam edir:

“Dəhlizin Azərbaycan hissəsi: magistral yolun 95%-i, dəmir yolunun 70%-i hazırdır. Ermənistan hissəsində iş başlamayıb. Bu söhbət o 42 km-dən gedir. İrəvan bildirir ki, prosesə 2026-cı ilin sonunadək başlanılacaq. Lakin hazırlıq işləri və iqtisadi imkanlar göstərir ki, dəhlizin 2027-ci ilin ortalarından etibarən aktiv fəaliyyətə başlaması daha real görünür. Moskvanı narazı salan TRIPP layihəsi ilə bağlı qərardır. Layihənin idarəçiliyinin 99 illik müddətə verilməsi nəzərdə tutulur. Digər tərəfdən, Ermənistanın dəmir yolu infrastrukturu hazırda “Rusiya Dəmir Yolları” şirkətinin törəməsi olan “Cənubi Qafqaz Dəmir Yolları” tərəfindən idarə olunur. Bu da proses qarşısında müəyyən suallar və problemlər yaradır. Dəstəkləyən ölkələrə gəlincə, ilk növbədə Azərbaycan və Türkiyəni qeyd etmək lazımdır. Hər iki ölkə Zəngəzur dəhlizinin açılmasını dəstəkləyir. Çünki Türkiyənin hədəfi daha uzaq coğrafiyalara-Transatlantik məkana, hətta Sakit okean regionuna çıxışı genişləndirməkdir. Bu baxımdan, dəhliz Türkiyə üçün strateji əhəmiyyət daşıyır. ABŞ və Avropa İttifaqı da layihəni dəstəkləyir. Eyni zamanda, Çinin və Mərkəzi Asiya ölkələrinin də bu marşrutda maraqları var. Nəzərə almaq lazımdır ki, Orta Dəhliz üzrə yükdaşımaların həcmini təxminən üç dəfə artırmaq və illik daşıma imkanlarını 11 milyon tona çatdırmaq potensialı mövcuddur.

Zəngəzur dəhlizinin illik 15 milyon ton yükdaşıma potensialı var.

Rusiyanın, İranın və Gürcüstanın mövqelərinə gəlincə, onların bu məsələyə münasibətini birbaşa lehinə və ya əleyhinə kimi qiymətləndirmək olmaz. Rusiyanın öz arqumentləri var və bu, əsasən ABŞ-ın prosesdəki rolu ilə bağlıdır”.

Siyasi şəthçi hesab edir ki, dəhlizin reallaşmasını istəməyən güclər də var: “İranın mövqeyi də məlumdur. Tehran hesab edir ki, bu layihə regiondakı güc balansını dəyişə bilər. Gürcüstan isə düşünür ki, indiyədək əsas tranzit marşrutlarından biri onun ərazisindən keçib və yeni yolun açılması ölkənin bu sahədəki mövqeyinə, müəyyən mənada, təsir göstərə bilər”.

Ə. Əlibəyli qeyd edib ki, Azərbaycanın da bu məsələdə öz mövqeyi var: “Söhbət 9-cu bənddə nəzərdə tutulan təhlükəsiz və maneəsiz gediş-gəlişin təmin olunmasından gedir. Ermənistanın mövqeyi isə dəhliz məntiqinə qarşı öz suverenliyini ön plana çıxarmaqdan ibarət idi. İrəvan “Sülh kəsişməsi” adlı bir plan irəli sürürdü və bu çərçivədə gömrük və sərhəd nəzarətinin Ermənistanın nəzarətində qalmasını istəyirdi.

Bəs kompromis nədən ibarətdir və hazırda hansı məsələlər üzərində iş aparılır? TRIPP çərçivəsində ilkin mərhələdə sürətli elektrik xətlərinin və qaz kəmərlərinin çəkilməsi nəzərdə tutulur. Daha sonra dəmir yolu məsələsinin həlli gündəmə gələcək. Artıq Paşinyan da bu yanaşmanı müdafiə edir. O bildirir ki, təhlükəsizlik məsələlərinə tam şəkildə keçməzdən əvvəl rəqəmsal həllər tətbiq edilməli, mümkün risklər qiymətləndirilməli və bundan sonra növbəti mərhələyə keçilməlidir”.

 

Məhəmməd Əliyev

Herbiand.az