Advertisment

Vətən Müharibəsi şəhidi baş leytenant Firuz Qureşli anılıb

Vətən torpaqlarının ərazi bütövlüyü uğrunda canından keçərək şəhidlik zirvəsinə ucalan baş leytenant Qureşli Firuz Əli oğlunun məzarı önündə anım mərasimi keçirilib.

​Anım mərasimində Şahbuz Rayon İcra Hakimiyyətinin əməkdaşları, ictimaiyyət nümayəndələri, şəhid ailələrinin üzvləri və kənd sakinləri iştirak ediblər. Tədbirdə çıxış edən natiqlər şəhidin əziz xatirəsinin hər zaman dərin ehtiramla yad olunduğunu bildiriblər. Mərasim zamanı məzar üzərinə tər qərənfillər düzülüb, ruhuna dualar oxunub, eləcə də məktəblilər tərəfindən Vətənə və qəhrəmanlığa həsr olunmuş şeirlər səsləndirilib.

​Çıxışlarda qeyd olunub ki, Qureşli Firuz Əli oğlu 3 dekabr 1993-cü ildə Şahbuz rayonunun Külüs kəndində anadan olub. O, Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində ali hərbi təhsil alaraq zabit kimi xidmətə başlayıb və 10 oktyabr 2020-ci ildə Füzuli rayonu istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.

​Natiqlər həmçinin vurğulayıblar ki, şəhid baş leytenant Firuz Qureşli Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə “Vətən uğrunda” və “İgidliyə görə” medalları ilə təltif edilib.

​Sonda diqqətə çatdırılıb ki, Vətən uğrunda canından keçən qəhrəmanlarımızın xatirəsi xalqımızın qəlbində daim yaşayacaq və onların şərəfli ömür yolu gələcək nəsillərə hər zaman vətənpərvərlik və qəhrəmanlıq nümunəsi olacaqdır.

Bəxtiyar ƏLİYEV

"Naxçıvan Şəhid Ailələri" İctimai Birliyinin mətbuat katibi