Advertisment

Vətən müharibəsi şəhidi Həmid Qasımovun anım tədbiri keçirilib-FOTOLAR

“Naxçıvan Şəhid Ailələri” İctimai Birliyinin mətbuat xidməti bildirir ki, Kəngərli rayonunun Qabıllı kəndində Vətən müharibəsində şəhidlik zirvəsinə ucalmış baş leytenant Həmid Oruc oğlu Qasımovun anım günü münasibətilə müqəddəs məzarı önündə tədbir keçirilib.

Tədbir Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Ardınca dini icmanın sədri tərəfindən Qurani-Kərimdən ayələr oxunub, şəhidlərin ruhuna dualar edilib.

Tədbirdə çıxış edən Kəngərli Rayon İcra Hakimiyyətinin başçısı Kamal Ələkbərov şəhid Həmid Qasımovun həyat və döyüş yolundan danışıb, onun Vətənə sədaqəti, hərbi xidmətə məsuliyyəti və döyüşlərdə göstərdiyi igidliyi ilə seçildiyini bildirib.

İcra başçısı Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılan tarixi Zəfərin şəhidlərimizin canı və qanı bahasına əldə edildiyini vurğulayıb, onların əziz xatirəsinin xalqımızın qəlbində daim yaşayacağını qeyd edib. Şəhid ailələrinə dövlət tərəfindən göstərilən diqqət və qayğının xüsusi əhəmiyyət daşıdığını bildirib.

Sonra şəhid atası Əbülfət Əliyev, şəhid anası Rəna Hüseynova, Ali Məclisin deputatı, qazi Təbriz Zeynalov, hərbçi və məktəbin müəllimi çıxış edərək şəhidlərimizin qəhrəmanlığından, Vətən müharibəsində qazanılan tarixi Zəfərin əhəmiyyətindən danışıblar. Şəhidlərin əziz xatirəsinin daim ehtiramla yad ediləcəyini vurğulayıblar.

Daha sonra şagirdlər tərəfindən şəhidlərin əziz xatirəsinə həsr olunmuş şeirlər səsləndirilib.

Tədbirin sonunda şəhidlərin müqəddəs məzarları ziyarət olunub, məzarları önünə tər qərənfillər düzülərək əziz xatirələri dərin ehtiramla yad edilib. Sonda tədbir iştirakçıları ilə xatirə fotoları çəkdirilib.

Bəxtiyar ƏLİYEV