Cəbrayıl şəhərində Cəbrayıl Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin yeni inzibati binası istifadəyə verilib.
Herbiand.az xəbər verir ki, iki mərtəbədən ibarət olan inzibati bina müasir tələblərə uyğun inşa edilib və müasir avadanlıqlarla təchiz olunub. Binada rəhbər heyət üçün otaqlar, laboratoriya, energetik və mexanik otaqları, SCADA otağı, iqtisadiyyat və uçot şöbəsi, hüquq və insan resursları şöbəsi, mühasibatlıq, eləcə də digər xidməti otaqlar yaradılıb.
Bununla yanaşı, inzibati binanın 2 hektar ərazini əhatə edən həyətyanı sahəsində anbar binası, texniki işçilər üçün əlavə tikili, sanitar qovşağı və digər yardımçı tikililər inşa edilərək istifadəyə verilib.
Yeni inzibati bina ilə tanışlıq zamanı ADSEA-nın sədri Zaur Mikayılova Cəbrayıl şəhərində görülən işlər və su təchizatı infrastrukturu barədə məlumat verilib.
Bildirilib ki, ərazidə məskunlaşan sakinlərin su təminatını həyata keçirmək məqsədilə rayon ərazisində 9 subartezian quyusu qazılıb, ümumi tutumu 7 min kubmetr olan 3 su anbarı tikilib. Su anbarlarının dezinfeksiyası məqsədilə elektroliz qurğusu da istifadəyə verilib.
Qeyd olunub ki, şəhərdə ilkin mərhələdə 712 ailə üçün mənzillər inşa edilib. Hazırda 695 ailə şəhərə köçərək məskunlaşıb.
Hazırda Cəbrayıl Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi su təminatının yaxşılaşdırılması və mövcud infrastrukturun dayanıqlı fəaliyyətinin təmin olunması istiqamətində fəaliyyət göstərir.