Advertisment

Fransa siyasi dəyişiklik ərəfəsində- “Etirazları alovlandıran bu amillərdir”

Fransada son dövrlər müşahidə olunan etirazlar ölkədəki siyasi və sosial gərginliyi yenidən gündəmə gətirib. Miqrasiya problemi, bahalaşma, enerji və mənzil qiymətlərinin artması, eləcə də dövlət borcunun yüksəlməsi cəmiyyətdə narazılığı gücləndirən əsas amillər sırasındadır. Etirazların səbəbləri ilə bağlı müzakirələrdə dini amilin ön plana çəkilməsi isə baş verən proseslərin daha geniş kontekstdə qiymətləndirilməsini zəruri edir. Siyasi müşahidəçilər hesab edirlər ki, küçə aksiyaları Fransada gələcək seçkilərin nəticələrinə və siyasi qüvvələr arasındakı balansın dəyişməsinə də təsir göstərə bilər. Bəs Fransada baş verən etirazlar ölkənin siyasi gələcəyinə necə təsir edəcək və sağçı qüvvələrin mövqelərini gücləndirəcəkmi? Baş verənlərdə siyasi islamın rolu nə qədərdir?

ReAl Partiyasının sədri, iqtisadçı ekspert və siyasi şərhçi Natiq Cəfərli Herbiand.az-a açıqlamasında bildirib ki, Fransada baş verən aksiyaların və etirazların müxtəlif səbəbləri var: “Bu prosesləri yalnız müsəlman məsələsi ilə əlaqələndirmək düzgün deyil. Ölkədə miqrasiya ilə bağlı çətinliklər, sosial problemlər və dövlət borcunun artması cəmiyyətdə narazılığı gücləndirən amillərdəndir. Bahalaşma, enerji və mənzil qiymətlərinin yüksəlməsi də insanların həyat səviyyəsinə mənfi təsir göstərərək etirazlara səbəb olur. Aksiyalarda daha çox solçu və özünü liberal kimi təqdim edən qruplar iştirak edir”.

Natiq Cəfərlinin fikrincə, Fransada baş verən etirazlar gələn il keçiriləcək seçkilərə və ölkənin siyasi mənzərəsinə ciddi təsir göstərə bilər. “Küçələrdə müşahidə olunan gərginlik və etiraz görüntüləri sağçı siyasi qüvvələrin mövqelərinin güclənməsinə zəmin yarada bilər. Xüsusilə, Marin Le Penin təmsil olunduğu siyasi düşərgənin və digər sağ mərkəzçi qüvvələrin bu proseslərdən siyasi dividendlər əldə etməsi mümkündür. Ekspertin qənaətinə görə, mövcud sosial-iqtisadi problemlər və ictimai narazılıq seçicilərin siyasi seçimlərinə də təsirsiz ötüşməyəcək. Bu baxımdan, qarşıdan gələn seçkilər Fransada siyasi qüvvələr nisbətinin dəyişməsi baxımından mühüm mərhələ ola bilər. Natiq Cəfərli istisna etmir ki, gələn ilin yazında keçiriləcəyi nəzərdə tutulan seçkilərdən sonra Fransada yeni prezident və yeni hökumət formalaşsın”.

Məhəmməd Əliyev

Herbiand.az