2055-ci ilədək mayeləşdirilmiş təbii qazın (LNG) qlobal qaz ticarətindəki payının 64 faizə çatacağı gözlənilir.
Herbiand.az xarici mediaya istinadla xəbər verir ki, bunu Qaz İxrac Edən Ölkələr Forumunun (GECF) Baş katibi Filip Mşelbila deyib.
O, LNG-nin müxtəlif regionlardakı təbii qaz bazarlarının inteqrasiyasını gücləndirdiyini vurğulayıb: “LNG tələbat artımının əsas hərəkətverici qüvvəsidir. Proqnozlara görə, 2055-ci ilədək beynəlxalq təbii qaz ticarətinin 64 faizini LNG təşkil edəcək”.
Baş katib 2055-ci ildə qlobal təbii qaz tələbatının ildə 5,2 trilyon kubmetrə çatacağının gözlənildiyini qeyd edib. O, həmin dövrdə dünya üzrə təbii qaz hasilatının 86 faizinin hələ inkişaf etdirilməmiş yataqların hesabına təmin olunacağını bildirib.
Filip Mşelbila, həmçinin GECF-in üzvlərinin sayını artırmağı planlaşdırdığını deyib: “Təşkilatın genişləndirilməsi istiqamətində işlər aparılır”.