Advertisment

Yak-130M təyyarəsi “Prezident-S130” aktiv müdafiə sistemi ilə təchiz olunub

Rusiyanın təkmilləşdirilmiş Yak-130M təyyarəsi raketdən müdafiə sistemi ilə təchiz edilib. Göyərtəyə quraşdırılmış “Prezident-S130” sistemi təhdidləri müstəqil şəkildə müəyyən etməyə və düşmən hədəf sistemlərinə qarşı durmağa qadirdir.

Herbiand.az xəbər verir ki, bu barədə “Rostex”in mətbuat xidmətindən bildirilib.

Müdafiə sistemi bir neçə əks tədbirin ardıcıl istifadəsi ilə işləyir. Əvvəlcə avadanlıq düşmən raketinin buraxılışını avtomatik olaraq aşkarlayır, sonra aşkarlama və hədəfləmə avadanlıqlarını pozan elektron dalğalar yaradır. Daha sonra infraqırmızı və radar idarəetmə sistemlərini neytrallaşdırmaq üçün hazırlanmış xüsusi tələlər işə salınır.

“Rostex”dən bildirilib ki, bununla yanaşı, yeni modifikasiyanın seriyalı istehsalına hazırlıqlar davam edir. Birləşmiş Təyyarə Korporasiyası (“Rostex”in bir hissəsi) tərəfindən hazırlanmış üçüncü eksperimental Yak-130M bu yaxınlarda ilk dəfə havaya qalxıb. Əlavə təyyarənin iştirak etməsi sınaq proqramını sürətləndirəcək.

İlk təyyarənin müştərilərə çatdırılmasına 2028-ci ildə başlanacağı gözlənilir.

Bəxtiyar CƏFƏRLİ