ABŞ-da keçiriləcək aralıq seçkilər ölkənin daxili siyasi balansına və xarici siyasət kursuna təsir göstərə biləcək mühüm hadisələrdən biri kimi qiymətləndirilir. Xüsusilə, Respublikaçılar Partiyasının Konqresdə mövqelərini itirməsi Ağ Evin qərarlarının qəbulunu çətinləşdirə və administrasiyanın siyasi manevr imkanlarını məhdudlaşdıra bilər. Seçkilərin nəticələrinin Cənubi Qafqaza, o cümlədən Zəngəzur dəhlizi layihəsinin reallaşma perspektivlərinə necə təsir edəcəyi də diqqət mərkəzindədir. Aralıq seçkilər ABŞ-ın siyasi prioritetlərini nə dərəcədə dəyişə, bu dəyişikliklər regionda hansı geosiyasi nəticələrə yol aça bilər? Ümid Partiyası mərkəzi aparatının rəhbəri, siyasi şərhçi Taleh Əliyev Herbiand.az-a açıqlamasında bildirib ki, 3 noyabr Amerika Birləşmiş Ştatlarında keçiriləcək aralıq seçkilərin nəticəsindən asılı olmayaraq, Azərbaycan-Amerika münasibətlərində ciddi dəyişiklik baş verməsi real deyil: “ABŞ-ın Cənubi Qafqaz siyasəti və Zəngəzur dəhlizi ilə bağlı planlarında mühüm dəyişikliyin olması da gözlənilmir. Bunun başlıca səbəbi isə bu seçkilərin nəticələri ABŞ-da konqresdə respublikaçıların və ya demokratların nisbətində dəyişiklik yaradacaqdır. Amerika dövlətinin siyasətini isə prezident institutu müəyyənləşdirilir və hələ qarşıdakı iki il ərzində də Amerika Birləşmiş Ştatlarının prezidenti Donald Tramp olacağına görə, bu seçkilərin nəticəsi həm ikitərəfli münasibətlərə, həm ABŞ-ın Cənubi Qafqaz siyasətinə və o cümlədən, tranzit dəhlizi ilə bağlı mövqeyində ciddi dəyişikliyə gətirib çıxarmayacaq. Amma seçkilərin nəticəsində demokratların qələbə üstünlük qazanması və ya respublikaçıların üstünlük qazanması heç şübhəsiz ki, Trampın bir prezident kimi siyasi manevr imkanlarını ya genişləndirəcək, ya da məhdudlaşdıra bilər. Azərbaycanla bağlı olan məsələlər isə artıq müəyyənləşdirilmiş stabil bir siyasi fəaliyyət olduğundan, o cümlədən Cənubi Qafqaz siyasəti və Zəngəzur dəhlizi ilə bağlı məsələlər qərarlaşdığına görə, bu məsələyə hətta demokratlar belə üstünlük qazanmış olsa, bir dəyişiklik, bir yenilik baş verəcəyi real deyil və hesab edirəm ki, bu istiqamətdə seçkilərin nəticələrindən bir o qədər də ciddi narahatçılığa ehtiyac yoxdur”.

Siyasi təhlilçi deyib ki, bu seçkilərdən sonra ABŞ-ın İran siyasətində əlahiddə dəyişiklik gözləməyə dəyməz: “Artıq ABŞ İran ətrafına kifayət qədər canlı qüvvə və hərbi texnika cəlb edib və seçkilər bitər-bitməz, hətta seçkilərdən öncə belə yenidən hərbi əməliyyatların bərpa olunma riski kifayət qədər yüksəkdir. Yəni ABŞ-ın İrana qarşı müharibə siyasəti qaçılmazdır və bu müharibənin nəticəsinin isə bütövlükdə yaxın Şərqdə çox ciddi fəsadlar törədəcəyi və bu yaxın Şərqdə baş verən hərbi fəsadların iqtisadi, maliyyə təsirlərinin növbəti qlobal böhrana gətirib çıxarması da qaçılmazdır”.
Məhəmməd Əliyev