Cari ilin oktyabrın 13-23-də Dövlət Sərhəd Xidmətinin Xidməti Heyvanlar Təlimçilərinin Hazırlığı mərkəzində hərbi hissələr arasında xidməti it təlimçiləri və bələdçilərinin “Sərhədçilərin dostu” şüarı altında 8-ci kinoloji yarışları keçirilib.
Dövlət Sərhəd Xidmətindən Herbiand.az-a verilən məlumata görə, kinoloji yarışlara Xidməti Heyvanlar Təlimçilərinin Hazırlığı Mərkəzinin, Sərhəd Qoşunları hərbi hissələrinin və Sərhəd Nəzarəti şöbələrinin kinoloq-mütəxəssisləri cəlb olunub.
Yarışların keçirilməsində əsas məqsəd xidməti itlərin təlimçiləri və bələdçilərinin peşəkar hazırlığını inkişaf etdirmək, dövlət sərhədinin mühafizəsi və müdafiəsində xidməti itlərlə sərhəd pozucularının axtarışı və saxlanılması, narkotik maddələrin axtarışı, minatəmizləmə əməliyyatlarında peşəkarlıq səviyyəsinin artırılması, həmçinin ən yaxşı praktiki vərdişlərə malik kinoloq-mütəxəssisləri və yüksək iş qabiliyyəti olan xidməti itləri müəyyən etməkdir. Əvvəlki illərdən fərqli bu il keçirilən 8-ci kinoloji yarışlara ilk dəfə olaraq gözətçi itlərin hazırlığı üzrə yarış əlavə edilib. Bu da xidməti it təlimçiləri arasında sağlam rəqabətin yaranmasına və kinoloji sahəyə diqqətin artırılmasına yönəlmiş addımdır.
Yarışlarda xüsusi təlim keçmiş xidməti itlərlə nəqliyyat vasitələrində, əl çantalarında narkotik maddələrin axtarışı, sərhəd pozucularının izlərlə təqib olunaraq saxlanılması, ərazidə tank və piyada əleyhinə minaların aşkar edilməsi, itaət komandaları üzrə tapşırıqlar icra edilib.
Sonda qalib olmuş hərbi qulluqçulara kubok, diplom və pul mükafatları təqdim olunub, qalib xidməti itlərə isə yarışda layiq görüldüyü yeri göstərən metal jeton verilib.
Tədbirin rəsmi hissəsi başa çatdıqdan sonra sərhədçi kinoloq-mütəxəssislər tərəfindən xidməti itlərlə nümunəvi çıxışlar nümayış etdirilib.