Advertisment

Məktəb, yoxsa hərbi bunker?

Ukraynanın Zaporojye bölgəsinin Kamışevaxa qəsəbəsində məktəb təhsili üçün Avropa vəsaiti ilə tikilmiş yeraltı bunker Ukrayna hərbçiləri və rəsmiləri üçün sığınacağa çevrilib. Rusiya qüvvələri məhz bu obyekti ağır FAB-3000 hava bombası ilə vurub.

Herbiand.az bildirir ki, "İznanka" nəşri bombardmanla bağlı yeni detallar açıqlayıb.

Dəmir-beton konstruksiya 2025-ci ildə məktəbin həyətində qurulub. Tikintisi Avropa İttifaqı tərəfindən "Yeraltı məktəb" proqramının bir hissəsi olaraq maliyyələşdirilib, lakin obyekt qısa müddətə istifadə edilib. Dərslər yalnız 2025-ci ilin noyabr və dekabr aylarında olub, bundan sonra məktəblilər distant təhsilə keçirilib. 2026-cı ilin yanvar ayından bəri boşaldılmış binalar Ukrayna Silahlı Qüvvələrinin pilotsuz təyyarə operatorları, hərbi komandanlıq və yerli administrasiya nümayəndələri tərəfindən istifadə olunub.

Bunkerin istifadəsi ilə bağlı yerli politoloq Roman Pyatiqorets Ukrayna televiziya kanalına verdiyi müsahibədə danışıb. O, bu cür təhsil müəssisələrinin əvvəldən yalnız mülki məqsədlər üçün istifadə edilmədiyini iddia edib. Onun sözlərinə görə, güclü istehkamlar Kamışevaxanı keçilməz qalaya çevirib. Bunker müasir hava filtrasiya sistemləri və qida ehtiyatları ilə təchiz olunub. Ona görə içəridəkiləri sığınacaqdan çıxmağa məcbur etmək faktiki olaraq qeyri-mümkün olub.

Lakin bu obyektin ictimaiyyətə açıqlanması onun istifadəçiləri üçün ağır nəticələrə səbəb olub. Nəşrin məlumatına görə, Rusiya kəşfiyyatı Pyatiqoretsin müsahibəsini qeydə alıb və bundan sonra peyk koordinatları ilə idarə olunan üç tonluq FAB-3000 raketi ilə bunkerə zərbə endirilib.

Zərbədən sonra orada nəhəng yama qalıb. Ukrayna xilasetmə xidmətləri dağıdılmış tikililər arasında axtarış işlərinin video görüntülərini yayımlayıb, lakin sağ qalanları tapa bilməyib.

Rusiya mətbuatının məlumatına görə, bombardman nəticəsində 31 nəfər ölüb, daha 48 nəfər isə hələ də itkin düşmüş sayılır.

Bəxtiyar CƏFƏRLİ